image-eynek-uzaq-gormekbackend

XXI əsrin səssiz bəlası – uzağı görmə zəifliyi sürətlə yayılır: çıxış yolu

Son illər dünyada görmə problemləri ilə bağlı narahatedici statistika açıqlanıb.

Referans Media xəbər verir ki, alimlərin araşdırmalarına görə, hazırda dünya əhalisinin üçdə birindən çoxu uzağı görmə zəifliyindən əziyyət çəkir. Müqayisə üçün qeyd olunur ki, 2000-ci ildə bu göstərici təxminən 1,5 dəfə aşağı idi. Mütəxəssislər bunu XXI əsrin “səssiz epidemiyası” adlandırırlar.

Araşdırmalar göstərir ki, problemin əsas səbəbi birbaşa smartfon istifadəsi deyil. Əsas risk faktoru gözlərin zəif işıqlandırılmış mühitdə uzun müddət yaxın məsafəyə fokuslanmasıdır. Tarixi baxımdan insan gözü uzaq məsafəyə baxmağa uyğunlaşıb. Qapalı məkanlarda isə həm işıq səviyyəsi açıq hava ilə müqayisədə daha zəif olur, həm də gözlər davamlı olaraq yaxın obyektlərə yönəlir.

Bu zaman bəbək daralır və torlu qişaya normal fəaliyyət üçün lazım olan qədər işıq çatmır. Nəticədə zaman keçdikcə görmə zəifləyir və uzağı seçmək çətinləşir.

Mütəxəssislər profilaktik tədbirlər də tövsiyə edirlər. Multifokal və ya kontrastı azaldan linzalar, atropin tərkibli göz damcıları müəyyən hallarda faydalı ola bilər. Lakin ən effektiv üsul gündəlik həyat tərzində dəyişiklik etməkdir. Xüsusilə uşaqların daha çox açıq havada vaxt keçirməsi, uzağa baxması və qapalı məkanlarda kifayət qədər işıqlandırmanın təmin olunması vacib sayılır.

Ekspertlər xəbərdarlıq edir ki, əgər bu tendensiya davam edərsə, yaxın onilliklərdə uzağı görmə zəifliyi qlobal səhiyyə probleminə çevrilə bilər./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki