Dünya ölümcül Nipah virusu təhlükəsi ilə üz-üzədir. Hindistanın Qərbi Benqal əyalətində aşkar edilən virus səbəbindən 2 nəfər müalicə altına alınıb, xəstəliyə yoluxduğu şübhəsi olan 20 nəfər isə həkim nəzarətində saxlanılır.
Referans Media xəbər verir ki, Pandemiyadan sonra, Kovid-19-dan öyrənilən dərslər fonunda, Nipah virusu ilə bağlı xəbərdarlıqlar dünya ictimaiyyətində narahatlıq yaradıb. Ölümcül xəstəliklər üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) siyahısında virus ön sırada yer alır.
Nipah virusu nədir?
Nipah virusu insanlarda və heyvanlarda xəstəliyə səbəb olur. Yoluxan şəxslərdə əlamətlər dərhal görünməyə bilər, lakin xəstəliyin ilkin mərhələsində hərarət, baş, boğaz və əzələ ağrıları ilə qripə bənzər simptomlar yaranır. Daha sonra isə başgicəllənmə, yorğunluq və şüur dəyişiklikləri müşahidə oluna bilər.
Virus ilk dəfə Maleziyanın Nipah bölgəsində ortaya çıxmış və orada epidemiyaya səbəb olmuşdur. Bu səbəbdən xəstəliyə həmin bölgənin adı verilib.
Hazırda Hindistan və dünya səhiyyə qurumları xəstəliyin yayılmasının qarşısını almaq üçün nəzarət tədbirlərini gücləndiriblər.
