Avqustun 12-dən etibarən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayıb. “Abituriyent” jurnalının 4-cü nömrəsinin dərc olunması ilə builki qəbul planı, ixtisaslar üzrə plan yerləri və müsabiqə şərtləri də açıqlanıb. İmtahanda yüksək nəticə göstərmək qəbul prosesinin əsas mərhələlərindən biri olsa da, düzgün ixtisas seçimi də yekun nəticəyə birbaşa təsir edir. Abituriyentin topladığı bala uyğun seçim etməsi ilə yanaşı, ixtisasların ardıcıllığını düzgün müəyyənləşdirməsi, plan yerlərini və əvvəlki illərin keçid ballarını nəzərə alması vacibdir. Eyni zamanda, seçim yalnız qəbul olmaq ehtimalına deyil, abituriyentin maraq və gələcək peşə planlarına uyğun aparılmalıdır. Bu mərhələdə yol verilən yanlış seçim isə abituriyentin müsabiqədən kənarda qalmasına və ya istəmədiyi ixtisasa qəbul olunmasına səbəb ola bilər.
Referans Media bildirir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib ki, ixtisas seçimi qəbul prosesində imtahan qədər məsuliyyətli yanaşma tələb edən mərhələlərdən biridir.
Onun sözlərinə görə, bu mərhələdə əsas məsələ yalnız toplanmış bala uyğun seçim etmək deyil.
“Abituriyent öz marağını, gələcəkdə hansı sahədə çalışmaq istədiyini, plan yerlərinin sayını, əvvəlki illərin keçid ballarını və bu il gözlənilən rəqabəti birlikdə nəzərə almalıdır. Xüsusilə ixtisasların ardıcıllığına diqqət yetirmək vacibdir. Abituriyent ən çox istədiyi ixtisası ilk sıralarda qeyd etməlidir. "Balım çatmaz" düşüncəsi ilə arzuladığı ixtisası aşağı sıralara salmaq düzgün yanaşma deyil. Çünki yerləşdirmə zamanı ixtisasların hansı ardıcıllıqla yazılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda plan yerlərinin sayı da qəbul şansını qiymətləndirərkən nəzərə alınmalı amillərdəndir”.
Ekspert bildirib ki, abituriyentlərin yol verdiyi ən geniş yayılmış səhvlərdən biri seçim zamanı yalnız əvvəlki illərin keçid ballarına əsaslanmalarıdır.
“Keçid balı əvvəlki ilin göstəricisidir və bu il də eyni səviyyədə qalacağına heç bir zəmanət vermir. Digər ciddi səhv isə abituriyentin oxumaq istəmədiyi ixtisasları sadəcə "qəbul olum" düşüncəsi ilə seçim siyahısına əlavə etməsidir. Belə hallarda həmin ixtisasa qəbul olduqdan sonra narazılıq yaranır və gələcək peşə seçimi ilə bağlı problemlər ortaya çıxır”.
Əmrah Həsənli abituriyentlərə seçim zamanı ilk növbədə özlərinə bir neçə vacib sual verməyi tövsiyə edib:
“Abituriyent seçim zamanı özündən soruşmalıdır: Bu ixtisası həqiqətən istəyirəmmi? Balım və plan yerləri baxımından real qəbul şansım nə qədərdir? Qəbul olunsam, həmin ixtisas üzrə təhsil almağa hazırammı? Bu suallara düzgün cavab verən hər bir abituriyent ixtisas seçimində səhv etmək ehtimalını xeyli azaldır”.
Ekspert hesab edir ki, ixtisas seçimində əsas prinsip istək, bal və real imkanlar arasında düzgün balansın qorunmasıdır:
“Qızıl qayda ondan ibarətdir ki, ixtisas siyahısı sadəcə qəbul olmaq məqsədilə deyil, istək, bal və real imkanlar balansı əsasında hazırlanmalıdır. Unutmayaq ki, abituriyent bu mərhələdə sadəcə universitet seçmir, eyni zamanda gələcək peşəsinə doğru ilk ciddi addımını atır”.
