“Roma”da Zeki Çelikin müqaviləsinin uzadılması ilə bağlı danışıqlar çətin mərhələdədir. Milli futbolçunun maaş tələbi ilə klubun təklifi arasında hələ də razılaşma əldə olunmayıb.
Referans Media xəbər verir ki, Zeki Çelikin “Roma” ilə müqaviləsi 30 iyun 2026-cı ildə başa çatır. Futbolçu mövsümə görə təxminən 3 milyon avro xalis maaş tələb edir, hazırda isə 2,6 milyon avro brutto qazanır. Tərəflər arasında razılaşma əldə olunmazsa, oyunçunun növbəti yay klubu azad agent kimi tərk etməsi ehtimalı artır.
Bu vəziyyət bir sıra klubların diqqətini çəkib. İtaliya mətbuatının iddiasına görə, Kenan Yıldızın formasını geyindiyi “Yuventus” 1997-ci il təvəllüdlü futbolçu ilə maraqlanır və gələcək mövsüm üçün onunla bağlı məlumat toplayıb.
Zeki Çelik mərkəz müdafiəçisi, sağ cinah müdafiəçisi və cinah bek mövqelərində oynaya bilməsi səbəbilə texniki heyətlər tərəfindən çoxfunksiyalı “joker” futbolçu kimi qiymətləndirilir. Onunla maraqlanan klubların siyahısının “Yuventus”la məhdudlaşmadığı bildirilir.






















