Zəncirlənib basdırılan 79 nəfərin SİRRİ AÇILDI - ŞOK

Yunanıstanın paytaxtı Afinanın yaxınlığındakı Faleron nekropolunda əlləri dəmir qandallarla bağlanmış vəziyyətdə dəfn edilən 79 kişinin kimliyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Araşdırma göstərib ki, onların böyük əksəriyyəti başqa ərazilərdən gəlmiş insanlar deyil, məhz Attika bölgəsində böyümüş yerli sakinlər olub.

Referans Media xəbər verir ki, Faleron məzarlığının “Esplanada” adlanan hissəsində aşkarlanan məzarda üç cərgədə dəfn edilmiş 79 yetkin kişinin qalıqları tapılıb. Skeletlərin bir hissəsinin biləklərində dəmir qandalların qalması onların kimliyi və hansı səbəbdən bu şəkildə öldükləri ilə bağlı uzun illər suallar yaradıb.

Arizona Dövlət Universitetindən Julianne R. Stamerin rəhbərlik etdiyi tədqiqat qrupu 79 nəfərdən 66-sının diş minasındakı stronsium izotoplarını araşdırıb. Stronsium uşaqlıq dövründə qəbul edilən su və qida vasitəsilə orqanizmə daxil olur və diş minasının tərkibində qorunub saxlanılır. Bu göstəricilər insanın uşaqlıq illərini hansı coğrafiyada keçirdiyini müəyyənləşdirməyə imkan verir.

Nəticələrə görə, araşdırılan 66 zəncirlənmiş kişinin təxminən 97 faizinin göstəriciləri Afinanın da daxil olduğu Attika bölgəsi ilə uyğun gəlib. Yalnız iki şəxsin uşaqlığını başqa ərazidə keçirmiş ola biləcəyinə dair izlər aşkarlanıb.

Yeni nəticələr bu şəxslərin Afinaya kənardan gəlmiş hərbi və ya siyasi qrupun üzvləri olması ehtimalını zəiflədir. Tədqiqatçılar onların böyük hissəsinin yerli əhalinin nümayəndələri olduğunu düşünürlər.

Bu isə kişilərin ölümünün Arxaik dövr Afinasında baş vermiş siyasi və ya sosial qarşıdurmalarla əlaqəli ola biləcəyi ehtimalını gücləndirir.

Araşdırma onların haradan gəldiyi barədə mühüm məlumat versə də, kişilərin kimliyini və hansı səbəbdən öldürüldüyünü tam müəyyənləşdirməyib.

Stronsium analizi yalnız insanların uşaqlıq illərini keçirdikləri ərazi haqqında məlumat verir; onların siyasi mövqeyi və ölüm səbəbi barədə nəticə çıxarmağa imkan vermir. Buna görə də 79 kişinin hansı hadisədən sonra zəncirlənərək dəfn edildiyi hələ də araşdırılır./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki