Azərbaycan Mərkəzi Bankı ölkədaxili kart ödənişləri üzrə interçeyncin (banklararası xidmət haqqı) yuxarı həddini müəyyən edib. Yeni qaydalara əsasən, aptek və supermarketlərdə 1,25%, yanacaq sektorunda 0,75%, digər sahələrdə isə 1,5% hədd tətbiq olunacaq. Qərar 1 iyundan qüvvəyə minir.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən iqtisadçı Əkrən Həsənov bildirib ki, formal olaraq bu qərar bazara ciddi təsir etməyə də bilər. Onun sözlərinə görə, banklar müştərilərə, sahibkarlara və istehlakçılara təqdim etdikləri xidmətlər üzrə tarifləri müəyyən etməkdə məcbur deyillər və qanun onlara bu haqları sərbəst şəkildə təyin etmək imkanı verir.
İqtisadçı qeyd edib ki, buna baxmayaraq, sağlam rəqabət şəraitində bu qərar müəyyən təsir göstərə bilər. Belə ki, banklararası xidmət haqları üçün yuxarı hədd müəyyən edildikdə, banklar öz xidmət haqlarını həddindən artıq artırmaqda ehtiyatlı davranırlar. Çünki bu halda müştərilər daha sərfəli şərtlər təklif edən digər banklara yönələ bilərlər.
Bununla belə, Əkrən Həsənov vurğulayıb ki, Azərbaycanda bank sektorunda rəqabət mühiti tam formalaşmayıb. Onun sözlərinə görə, ölkədə 20-dən çox bank fəaliyyət göstərsə də, bazarın təxminən 70-80%-i bir neçə böyük bankın nəzarətindədir. Bu səbəbdən həmin banklar xidmət haqlarını artırsa belə, müştərilərin böyük hissəsi alternativlərin məhdudluğu səbəbindən yenə də bu bankların xidmətlərindən istifadə etməyə davam edir.
İqtisadçı hesab edir ki, mövcud şəraitdə interçeyncin yuxarı həddinin müəyyən edilməsi ümumi bazara ciddi təsir göstərməyə bilər.
Gülnaz Abdullazadə.
