image-pehlevilerbackend

100 il əvvəlki planın YENİ MƏRHƏLƏSİ

İranda yenə gərginlik artıb. Amma nədənsə bu qarışıqlarda azərbaycanlılar soyuqqanlı, farslarsa daha fəal görünür. Hətta İranın mühacirətdə olan vəliəhdi Rza Pəhləvi aktiv fəaliyyətə keçib. Nə təsadüfürsə, Qərb dairələri də bu məsələdə Rza Pəhləviyə güclü dəstək verir. Hətta İran “müxalifəti”nə xarici dəstək 3 il əvvəlki proseslərlə müqayisədə daha güclüdür.

Nə baş verir?

Bu bir danılmaz faktdır ki, İranda farsların əbədi iqtidarda olması üçün anqlo-saksların çox qədim bir planı var. Zaman-zaman bu plan yenilənir. Prosesə yeni fars oyunçular daxil edilir. İndi də İranda baş verənlərdə farslar daha fəal təqdim edilir.

Yada salaq ki, Birinci Dünya Müharibəsindən sonra qlobal güclər dünyanı öz aralarında yenidən bölüşdülər. Bu bölgüdə isə ən çox itirən türklər oldu. Çünki Birinci Dünya Müharibəsinə qədər Avrasiyada iki böyük Türk imperiyası- Osmanlı və Qacarlar vardı. Lakin müharibədən sonra hər iki imperiya süquta uğradıldı.

Əvvəlcə Osmanlı, daha sonra isə Qacarlar dövləti sıradan çıxarıldı. Bu da təsadüfi deyildi. Çünki XX əsrin əvvəlləri həm də intibah və demokratikləşmə dövrü kimi xarakterizə edilirdi. Xristian dünyası da çox narahat idi ki, bu oyanışda türklərin birləşməsi prosesi başlaya bilər. Belə olacağı təqdirdə Avropa və Asiya bütövlükdə Türklərin nəzarətinə keçə bilərdi.

Ona görə də Vatikanın göstərişi ilə Böyük Britaniya, Fransa, Rusiya və digər dövlətlər bir araya gəldilər. Qlobal güclər əvvəlcə Osmanlı İmperiyasını çökdürdülər.

Daha sonra isə Qacarların üstünə gedildi. 1925-ci il dekabrın 31-də Beşinci Məclis Qacar sülaləsinin devrilməsi haqqında qərar qəbul etdi. Beləcə, azərbaycanlıların indiki İran ərazisindəki yüz illərdir davam edən hakimiyyəti sona çatmış oldu.

Qacarlar sülaləsinin sonuna gedən yol

Anqlo-sakslar Osmanlı kimi Qacarların sonunu gətirmək üçün uzun illər gizli layihələr həyata keçiriblər. Məsələn, 1901-ci ildə indiki BP şirkətinin yaradıcılarından biri ser Vilyam Noks Dorsi hazırkı İran ərazisinə gəlir və burada neft axtarışına başlayır. Araşdırmalardan sonra məlum olur ki, Məşhəd və Fars körfəzinə yaxın ərazilərdə zəngin neft yataqları var.

O zamanlar həmin ərazilərdə azərbaycanlılar çoxluq təşkil edirdi. 1908-ci ildə Noks Dorsi neft hasilatı üçün Qacarlar hökümətinə müraciət edir. Lakin bu müraciət həm Qacarlar hökumətinin, həm də həmin ərazidə yaşayan azərbaycanlıların etirazına səbəb olur. Lakin zəngin neftin qoxusunu alan ser Vilyam niyyətindən əl çəkmir və öz yaxın çevrəsinin dəstəyi ilə təxribatçı plan hazırlayır.

Bu planın bir hissəsi Qacarlar hakimiyyətini devirmək, digər plan isə neftlə zəngin olan ərazilərdə yaşayan azərbaycanlıların deportasiyasına nail olmaq idi. Noks Dorsinin planlarının icrasına farslar yaxından kömək etmək niyyətində olduqlarını bildirirlər.

Farslardan ibarət qruplar azərbaycanlıların yaşadıqları ərazilərdə davamlı olaraq yanğınlar törədirlər. Ərazilər açıq neft gölməçələri ilə dolu olduğu üçün törədilən yanğınlar bəzən aylarla davam edirdi. Nəticədə azərbaycanlılar dədə-baba ocaqlarını buraxıb şimal-qərbə doğru miqrasiya etdilər.

İngilislər qeyri-rəsmi olaraq farslarla birləşərək bu ərazilərdə neft emalına başladılar.

Farslarla işbirliyi təbii ki, Qacarların süqutu üçün də yeni imkanlar açırdı. Qacar hökmdarlarının zəifliyi, Avropa dövlətlərinin, xüsusilə Böyük Britaniya və Çar Rusiyasının  ölkədəki güclü təsiri, mərkəzi hakimiyyətin zəifliyi, iqtisadi gerilik və korrupsiya İranda siyasi böhrana gətirib çıxardı.

1906-cı ildə qəbul edilən konstitusiya və parlamentin yaradılması belə, böhranın qarşısını ala bilmədi. Çünki böhranı yaradan xarici qüvvələr idi. Bu qüvvələr də Qacarların getməsini istəyirdi.  Nəhayət 31 dekabr 1925-ci ildə Beşinci Məclis – yəni parlament Qacarların devrildiyini və Rza Pəhləvini yeni dövlətin hakimi-mütləqi elan etdi. Az sonra isə Rza Pəhləvi özünü İranın yeni şahı elan elədi.

Rza Pəhləvi kim idi?

Rza xan sıradan bir hərbçi idi. O, Qacarlar ordusunda xidmət edirdi. Eyni zamanda o ingilis agenturasına işləyirdi. Məlumdur ki, XX əsrin əvvəllərində Qacarlar dövlətində xalq hərəkatı başladı. İlk hərəkata Səttərxan başçılıq edirdi. Bu hərəkat Qacarlar sülaləsini bir sıra vacib islahatlara məcbur etdi. İlk parlament və ilk Konstitusiya yaradıldı. Lakin fars-erməni işbirliyi ingilislərin təlimatı ilə Səttarxanı və onun ətrafını zərərsizləşdirdi.

10 il sonra isə Şeyx Məhəmməd Xiyabani meydana atıldı. O uzun illə rejimə qarşı mübarizə apardı. Hətta 1920-ci il 22 iyunda Azərbaycan Demokrat Firqəsi ümumi səslə milli hökumətin quruluşu haqqında qərar qəbul etdi və Şeyx Məhəmməd Xiyabani milli hökumətin sədri seçildi. Lakin Xiyabaninin yaratdığı dövləti Qərb tanımadı. Əksinə bu hökumətin məhvi üçün Qacarlara hər cür yardımlar edildi. Xiyabani qəfildən və müəmmalı şəkildə öldü.

Qacarları Xiyabaniyə qarşı qoruyan anlo-sakslar sonradan Pəhləvi kartını işə saldılar. Onların aktiv dəstəyi ilə Qacarlar iqtidardan devrildi. Nəhayət 1925-ci ildə Pəhləvi yeni dövlətin başçısı elan edildi.

Halbuki Rza Pəhləvi heç parlamentdə də təmsil olunmurdu. Sadəcə Böyük Britaniya və SSRİ belə məsləhət gördüyü üçün sıradan bir zabit yeni dövlətin lideri elan edildi.

İranda Pəhləvilər dönəmi

1925–1979-cu illər arasında Pəhləvilər sülaləsi hakimiyyətdə qaldı. Maraqlıdır ki, İkinci Dünya Müharibəsi dövründə İranda Pişəvəri hərəkatı nəticəsində Pəhləvilər devrildi. Seyid Cəfər Pişəvərinin rəhbərliyində Azərbaycan Milli Hökuməti quruldu.

Lakin Pişəvəri də azərbaycanlı olduğu üçün Qərb və SSRİ onun hakimiyyətini tanımadı. Əksinə Böyük Britaniya başda olmaqla böyük dövlətlər birləşərək ölkədən qaçmış Məhəmməd Rzanı Tehrana qaytararaq dövlətin başına keçirdilər. Çünki Pəhləvilər sülaləsi İranın sərvətinin məmnuniyyətlə Qərb dövlətlərinə peşkəş edirdi.  Ən əsası Pəhləvilər fars olduqları üçün İran Türk dövlətləri birliyinə çox yaxşı əngəl olurdu.

Sonda bir vacib məqamı da qeyd edək ki, 1979-cu ildə İranda şahın devrilməsində əsas pay sahibi azərbaycanlılar idi. O zaman inqilabın əsl lideri, ali dini rütbəli azərbaycanlı Ayətullah Seyyid Məhəmməd Kazım Şəriətmədari idi. İnqilabı onun tərəfdarları reallaşdırsa da, Qərb bir azərbaycanlının dövlətin başında olmasını istəmədi. Qərb dairələrinin xüsusi xidmət orqanlarının müşayiəti ilə Hindistan əsilli Ayətullah Xomeyni Fransadan xüsusi təyyarə ilə Tehrana gətirilərək hakimiyyətin başına qoyuldu.

Göründüyü kimi, İranda kütləvi etirazlar fonunda Rza Pəhləvininin ortaya düşməsi bir təsadüf deyil, Qərbin molla-fars rejimini fars monarxı ilə əvəz etmək planının tərkib hissəsidir./Bizim.Media


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki