Kanada hökuməti İranda təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda öz vətəndaşları üçün səyahət tövsiyələrini yeniləyib.
Referans media xəbər verir ki, rəsmi Ottava İranda olan Kanada vətəndaşlarına ölkəni mümkün qədər tez tərk etməyi tövsiyə edib. Bildirilib ki, təhlükəsizlik risklərinin artması səbəbindən İran ərazisində qalmaq ciddi təhlükə yarada bilər.
Hökumətin açıqlamasında qeyd olunur ki, vətəndaşlar İranı quru yolu ilə – Ermənistan və ya Türkiyə sərhədləri vasitəsilə tərk etməyə çalışmalıdırlar. Eyni zamanda, vəziyyətin sürətlə dəyişə biləcəyi vurğulanaraq, çağırışın təcili xarakter daşıdığı bildirilib.
Kanada hökuməti bölgədəki gərginliyi yaxından izlədiyini və zərurət yarandığı halda əlavə xəbərdarlıqlar edəcəyini də açıqlayıb.























