ABŞ Prezidenti Donald Tramp İranda davam edən etiraz aksiyaları ilə bağlı son dərəcə sərt açıqlamalar verib. Trampın bəyanatları regionda gərginliyin daha da artacağı ilə bağlı narahatlıqları gücləndirib.
Referans Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatının Detroyt şəhərində keçirilən Detroyt İqtisadi Klubunun toplantısında İrandakı etirazlara toxunaraq İran hakimiyyətini açıq şəkildə hədəf alıb.
Tramp İran xalqına müraciət edərək bildirib: “Bütün iranlı vətənpərvərlərə səslənirəm: etirazlarınızı davam etdirin. Mümkünsə, dövlət qurumlarını ələ keçirin. Sizi öldürən və istismar edən şəxslərin adlarını yadda saxlayın. Əgər deyilən rəqəmlər doğrudursa, siz çox ağır şəkildə istismar olunursunuz. Beş fərqli rəqəm eşidirəm. İran hakimiyyəti bunun əvəzini çox ağır ödəyəcək.”
İnqilabdan əvvəlki İrana da toxunan Tramp deyib: “İranı yenidən böyük edək. Bilirsinizmi, bu canavarlar hakimiyyəti ələ keçirməzdən əvvəl İran möhtəşəm bir ölkə idi. Sizə deyirəm, əgər mən həmin seçkiləri qazanmasaydım, eyni şey bizim də başımıza gələ bilərdi.”
İran hakimiyyəti ilə diplomatik əlaqələrin dayandırıldığını açıqlayan Tramp bildirib: “İranlı rəsmilərlə bütün danışıqları dayandırdıq. Çünki onlar mülki insanları öldürməyə başladılar. Etirazçıların mənasız şəkildə qətlə yetirilməsi dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. Yardım yoldadır.”
Tramp Detroytda ziyarət etdiyi fabrikdə jurnalistlərin etirazlarda ölənlərin sayı ilə bağlı sualına belə cavab verib:
“Heç kim mənə dəqiq rəqəm deyə bilmədi. Bir nəfər belə çoxdur. Aşağı rəqəmlər də eşitmişəm, çox yüksək rəqəmlər də. Yəqin ki, növbəti 24 saat ərzində biləcəyik. Məncə bu, həddindən artıq çoxdur. Yardım yoldadır.”
“Yardım yoldadır” ifadəsi ilə nəyi nəzərdə tutduğu soruşulduqda isə Tramp detallara girməkdən imtina edərək: “Bunu özünüz tapmalı olacaqsınız, üzr istəyirəm,” – deyə cavab verib.
Tramp İranda olan ABŞ və müttəfiq ölkələrin vətəndaşlarının ölkəni tərk edib-etməməsi ilə bağlı suala isə belə cavab verib: “Düşünürəm ki, oranı tərk etmək pis fikir deyil.”























