İtaliyada 13 yaşdan kiçik uşaqların sosial media platformalarında qeydiyyatdan keçməsinin tamamilə qadağan edilməsini nəzərdə tutan yeni qanunvericilik təşəbbüsü hazırlanıb. Tənzimləmənin ayın sonuna qədər parlamentdə səsverməyə çıxarılaraq qəbul ediləcəyi gözlənilir.
Referans Media xəbər verir ki, Baş nazir Ciorcia Meloninin rəhbərlik etdiyi hakim sağçı koalisiyanın əsas tərəfdaşı olan “İtaliya Qardaşları” (FdI) partiyası tərəfindən hazırlanan düzəliş mərhələli nəzarət mexanizmini əhatə edir.
Yeni qaydaya əsasən, 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə hesab açması tamamilə qadağan olunacaq. 13-15 yaş arası yeniyetmələr isə yalnız valideynlərinin profillərinə bağlı olan hesablar vasitəsilə platformalardan istifadə edə biləcəklər. Müstəqil şəkildə fərdi hesab yaratmaq icazəsi isə yalnız 16 yaş və yuxarı istifadəçilərə veriləcək.
Hazırda parlamentdə müzakirə olunan təhlükəsizlik fərmanına əlavə ediləcək bu düzəliş hakim koalisiyanın digər üzvü – “Liqa” partiyasından olan təhsil naziri Cüzeppe Valditara tərəfindən də dəstəklənib. Nazir 13 yaşdan kiçik uşaqlar üçün sosial media qadağasının qüvvəyə minməsindən məmnun qalacağını və bunun hər zaman onun əsas mübarizə istiqaməti olduğunu vurğulayıb.
Qeyd edək ki, uşaqların əqli sağlamlığına mənfi təsirlərlə bağlı artan qlobal narahatlıqlar fonunda texnologiya nəhənglərinə alqoritmləri dəyişdirmək üçün təzyiqlər güclənir. Bu çərçivədə Avstraliya, Braziliya və Yunanıstan, Türkiyə kimi ölkələrdə 15 yaşdan kiçik uşaqlar üçün sosial media qadağası tətbiq olunmağa başlayıb./“Qafqazinfo”/
