Azərbaycanda orqan və toxuma transplantasiyasına ehtiyacı olan xəstələrin sayı hər il artır. Rəsmi məlumatlara görə, hazırda 1400-dən çox şəxs uyğun donor gözləyir və onların əhəmiyyətli hissəsini uşaqlar təşkil edir. Buna baxmayaraq, ölümündən sonra orqan donorluğu hələ də geniş yayılmayıb. Nəticədə bir çox xəstə uzun müddət növbədə qalır, bəziləri isə uyğun donor tapılmadığı üçün transplantasiya şansını itirir.
Bəs ölkədə donor çatışmazlığının əsas səbəbləri nələrdir?
Referans Media bildirir ki, tibb üzrə ekspert, terapevt Rrasif Bağırov məslə ilə bağlı Bizim.Media-nın suallarını cavablandırıb.
O bildirir ki, bu problemin yaranmasına həm hüquqi, həm də dini amillər təsir göstərir:
“Orqan transplantasiyası sahəsində problemlərdən biri qanunvericilikdən irəli gələn məhdudiyyətlərdir. Məsələn, uyğun donor tapıldıqda belə, qanunvericiliyə əsasən, canlı donor əsasən ailə üzvü olmalıdır. Ailə üzvləri arasında uyğun donor tapılmadıqda isə xaricidən donor orqanının gətirilməsi gündəmə gəlir. Lakin bu, çox bahalı olduğundan əksər xəstələrin buna maddi imkanı çatmır”.
R.Bağırov qeyd edir ki, cəmiyyətdə vəfat etmiş şəxsin bədənindən orqanın götürülməsinə dini və mənəvi baxımdan mənfi yanaşanlar da az deyil. Onun fikrincə, bu cür düşüncələr ölümündən sonra orqan donorluğunun geniş yayılmasına mane olur. Ekspertin sözlərinə görə, bu istiqamətdə geniş maarifləndirmə işləri aparılmalıdır. Belə ki, cəmiyyətə ölümündən sonra bağışlanan sağlam orqanlarla başqa insanların həyatını xilas edildiyi izah olunmalıdır.
“Orqan transplantasiyası prosesinə tam etimadın formalaşmaması da problemlər yaradır. Bəzi insanlar prosesin kifayət qədər şəffaf olmadığına inanır, orqanların qanunsuz istifadə oluna biləcəyindən və ya bundan kimlərinsə maddi qazanc əldə edəcəyindən şübhələnirlər. Bu səbəbdən də orqan bağışlamağa razılıq vermirlər.
Bütün bu amillər ölkədə orqan bankının formalaşdırılmasını çətinləşdirir. Nəticədə isə transplantasiyaya ehtiyacı olan xəstələrin vaxtında uyğun donor tapmaq imkanı azalır və insanların həyatını xilas edə biləcək bir prosesin həyata keçirilməsi xeyli çətinləşir”,- deyə o əlavə edir.
