Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi ballistik raket zərbəsi nəticəsində ABŞ-də qeydiyyatdan keçmiş "Terminal Autonomy" şirkətinə məxsus pilotsuz uçuş aparatları (PUA) istehsal müəssisəsinin dağıdıldığı bildirilir. Məlumat təsdiqlənərsə, bu, müharibə başlayandan bəri Ukraynada fəaliyyət göstərən ABŞ şirkətinə məxsus istehsal obyektinin birbaşa hədəfə alınması ilə bağlı ilk belə hadisələrdən biri hesab olunur.
Referans Media xəbər verir ki, Britaniyanın "The Guardian" nəşrinin şirkət mənbələrinə istinadən yaydığı məlumata görə, müəssisədə Rusiyanın radioelektron mübarizə sistemlərinə qarşı davamlı, uzaqmənzilli AQ-400 Scythe və AQ-100 Bayonet tipli zərbə PUA-ları istehsal edilirdi.
Hücumla bağlı ilk məlumatlar Rusiyanın dövlət xəbər agentliyi TASS tərəfindən Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadən yayılıb. Məlumatda müəssisədə ukraynalı və amerikalı mütəxəssislərin birlikdə çalışdığı və həmin PUA modellərinin istehsal edildiyi qeyd olunub.
Hələlik "Terminal Autonomy" şirkəti və Ukrayna Müdafiə Nazirliyi hadisə ilə bağlı rəsmi açıqlama verməyib. Şirkətə yaxın mənbələr isə hücum zamanı insan itkisi qeydə alınmadığını bildiriblər.
ABŞ-ın keçmiş yüksək vəzifəli kəşfiyyat rəsmisi Entoni Vinçi hadisəni şərh edərək bildirib ki, Rusiya üçün istehsal obyektinin kimə məxsus olması hədəfin seçilməsində əsas meyar deyil.
Onun sözlərinə görə, əgər gələcəkdə Patriot hava hücumundan müdafiə sistemləri və ya digər ABŞ hərbi texnologiyaları Ukrayna ərazisində istehsal olunarsa, həmin obyektlər də Rusiyanın potensial hədəfinə çevrilə bilər.
Bu açıqlama ABŞ Prezidenti Donald Trampın bir neçə gün əvvəl Ukraynada Patriot raketlərinin istehsalına icazə verilə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərdən sonra xüsusilə diqqət çəkib.
