Türkiyənin İstanbul şəhərində sosial şəbəkə üzərindən qurulan fırıldaqçılıq hadisəsi ilə bağlı iki şübhəli barəsində məhkəmə prosesi başlayıb. İddiaya görə, 25 yaşlı gənc saxta profil vasitəsilə tələyə salınıb, şəxsi görüntüləri ilə şantaj edilərək ondan 119 min 645 lirə alınıb.
Referans Media xəbər verir ki, hadisənin qurbanı olan Oktay A. sosial media platformalarından biri üzərindən tanış olduğu saxta hesabın göndərdiyi dostluq istəyini qəbul edib. Özünü “Aylin Keskin” kimi təqdim edən şəxslə yazışmağa başlayan gənc bir müddət sonra şəxsi görüntülər paylaşmağa başlayıb.
“Qızım 17 yaşındadır” deyərək təhdid etdilər
İddialara görə, görüntülərin paylaşılmasından sonra söhbətə başqa şəxslər qoşulub. Özünü “Aylinin atası” kimi təqdim edən şübhəli gənci qorxudaraq onun barəsində şikayət ediləcəyini bildirib.
Daha sonra hadisəyə saxta vəkil obrazında başqa bir şəxsin də daxil olduğu iddia edilib. Həmin şəxs telefonla əlaqə saxlayaraq gəncə hüquqi proses başladıldığını, məsələni bağlamaq üçün pul ödəməli olduğunu deyib.
Şübhəlilər pul göndərilmədiyi halda şəxsi görüntülərin ailə üzvlərinə göndəriləcəyi ilə hədələyiblər.
119 min 645 lirə göndərdi
Qorxu və panikaya düşən Oktay A. ona göndərilən saxta sənədlərə inanaraq hissə-hissə olmaqla ümumilikdə 119 min 645 lirə pul ödəyib.
Bir müddət sonra aldadıldığını anlayan gənc Bakırköy Respublika Prokurorluğuna müraciət edərək şikayət edib.
Aparılan araşdırma nəticəsində şübhəlilər Hüseyn S. və Mehmet Sabri İ.-nin kimliyi müəyyən edilərək saxlanılıb.
Onlar barəsində dələduzluq və şantaj ittihamları ilə cinayət işi açılıb. Şübhəlilər üçün 2 ildən 8 ilədək həbs cəzası tələb olunur.
