Aliment ödəyənlər diqqətli olsun – Maaşın 70 faizinədək tutulması mümkündür

Aliment öhdəliyi olan şəxslərin rəsmi əməkhaqqının aşağı olması bəzi hallarda ödənilməli aliment məbləği ilə bağlı suallar yaradır. Bəs Azərbaycanda aliment şəxsin aylıq maaşından yüksək məbləğdə təyin oluna bilərmi? Qanunvericilik bu məsələdə hansı şərtləri nəzərdə tutur və aliment tutularkən əməkhaqqının neçə faizi məhdudlaşdırılır?

Referans Media-ya açıqlama verən hüquqşünas Ümid Hüseynov bildirib ki, qanunvericilik müəyyən hallarda alimentin şəxsin aylıq əməkhaqqından yüksək məbləğdə təyin edilməsinə imkan verir.

Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, alimentin miqdarı bir uşağa görə valideynin qazancının və digər gəlirlərinin dörddə biri, iki uşağa görə üçdə biri, üç və daha çox uşağa görə isə yarısı həcmində müəyyən edilir.

Lakin həmin Məcəllənin 78-ci maddəsinə əsasən, müəyyən hallarda aliment məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində də təyin oluna bilər. Bu zaman məhkəmə yalnız şəxsin rəsmi əməkhaqqını deyil, onun digər gəlirlərini, maddi və ailə vəziyyətini, eləcə də uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər qorunmasını nəzərə almalıdır.

Hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında da şəxsin rəsmi əməkhaqqının az olmasına baxmayaraq, həmin məbləğdən daha yüksək xərclər çəkməsi, o cümlədən yüksək məbləğdə kredit ödənişləri etməsi alimentin müəyyənləşdirilməsi zamanı nəzərə alına bilər.

Bu baxımdan, şəxsin rəsmi əməkhaqqının aşağı olması alimentin həmin məbləğdən artıq müəyyən edilməsini istisna etmir.

Ü.Hüseynovun sözlərinə görə, bununla belə, “İcra haqqında” Qanunun 65-ci maddəsinə əsasən, alimentin tutulması zamanı əməkhaqqından və ona bərabər tutulan digər gəlirlərdən tutulmaların məbləği 70 faizdən artıq ola bilməz.

Lakin bu məhdudiyyət alimentin məhkəmə tərəfindən müəyyən edilən ümumi məbləğinə deyil, onun əməkhaqqından tutulması qaydasına aiddir.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki