Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR: Tələb olunan sənədlər AÇIQLANDI

Azərbaycanda uzun illərdir vətəndaşların faktiki mülkiyyətində və istifadəsində olan, lakin dövlət reyestrində qeydiyyata alınmadığı üçün çıxarışla təmin edilməyən yaşayış evlərinin rəsmiləşdirilməsi aktual məsələlərdən biridir. Belə əmlakların hüquqi statusunun müəyyənləşdirilməsi, torpaq sahəsinin təyinatı, tikinti sənədlərinin mövcudluğu və mülkiyyət hüququnun tanınması prosesi müxtəlif hüquqi mexanizmlərlə həyata keçirilə bilər. Bəs hansı evlərin sənədləşdirilməsi mümkündür, bunun üçün hansı sənədlər tələb olunur və qanunvericilikdə hansı dəyişikliklərə ehtiyac var?

Referans Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, Azərbaycanda uzun illərdir vətəndaşların faktiki mülkiyyətində və ya istifadəsində olan, lakin dövlət reyestrindən çıxarış almamış yaşayış evlərinin rəsmiləşdirilməsi hüquqi və mühüm sosial-iqtisadi problemə çevrilib.

Onun sözlərinə görə, vətəndaşın müəyyən ərazidə yaşaması, kommunal xidmətlərdən istifadə etməsi, əmlak vergisi ödəməsi, evi faktiki idarə və istifadə etməsi mülkiyyət hüququnun avtomatik tanınması demək deyil. Lakin bu hallar məhkəmə və qanunlar qarşısında mülkiyyət hüququnun əsaslandırılması üçün ciddi əhəmiyyətə malik sübutlar hesab oluna bilər.

Ekspert qeyd edib ki, köhnə sənədlər əsasında mülkiyyət hüququnun tanınması ən real mexanizmlərdən biridir. Buraya torpaq sahəsinin ayrılması ilə bağlı əvvəlki sənədlər, icra hakimiyyətlərinin sərəncamları, bələdiyyə qərarları, təsərrüfatbaşına kitabdan çıxarışlar, arxiv arayışları və digər hüquq müəyyənedici sənədlər daxildir.

“Xüsusilə 2001-ci ilə qədər tikilmiş evlərlə bağlı müəyyən sənədlər əsasında dövlət qeydiyyatının aparılması imkanları mövcuddur. 2025-ci il tarixli 444 nömrəli Prezident fərmanı ilə əvvəllər çıxarış alınması üçün yetərli sayılmayan bəzi sənədlərin hüquqi statusu genişləndirilib. Bu da qeyd etdiyimiz problemin həllində çox mühüm addımdır”, – deyə o bildirib.

V.Orucun sözlərinə görə, digər mexanizm mülkiyyət hüququnun məhkəmə qaydasında tanınmasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, özbaşına tikililərə mülkiyyət hüququnun tanınması müəyyən şərtlər daxilində mümkündür. Əsas şərtlərdən biri tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasıdır.

Eyni zamanda, Mülki Məcəllənin 178.6-cı maddəsi ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik edilmiş, dövlət reyestrində qeydiyyata alınmamış bəzi daşınmaz əmlaklar üzrə mülkiyyət hüququnun tələb edilməsi üçün əsaslar tanınır. Lakin bu, məhkəməyə müraciət edildikdə avtomatik olaraq çıxarış veriləcəyi anlamına gəlmir. Çünki qanunvericilikdə mülkiyyət hüququnun tanınmasını istisna edən hallar da mövcuddur.

Ekspert diqqətə çatdırıb ki, digər mühüm məsələlərdən biri torpaq sahəsinin hüquqi statusunun müəyyənləşdirilməsidir. Onun sözlərinə görə, on minlərlə evin kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edildiyi hallar mövcuddur. Vaxtilə bu cür tikintilərə göz yumulub və hazırda həmin ərazilərdə böyük yaşayış massivləri formalaşıb.

Əgər torpaq sahəsi vaxtilə qanuni qaydada ayrılıb, lakin mülkiyyət hüququ rəsmiləşdirilməyibsə, həm hüququn tanınması, həm də torpağın mülkiyyətə keçirilməsi üçün qanuni imkanlar mövcud ola bilər. Ancaq torpaq dövlətin və ya bələdiyyənin mülkiyyətindədirsə, kənd təsərrüfatı, meşə fondu, dövlət əhəmiyyətli infrastruktur və mühafizə zonalarına daxildirsə, bu, fərqli yanaşma tələb edir. Hər bir tikiliyə spesifik qaydada baxılmalıdır.

V.Oruc hesab edir ki, problemin sistemli həlli üçün sənədsiz evlərin texniki inventarlaşdırılması və kadastr qeydiyyatına alınması vacibdir. Bu zaman evin tikilmə tarixi, faktiki sahəsi, konstruktiv vəziyyəti, torpaq sahəsinin ölçüləri, şəhərsalma normalarına uyğunluğu və digər göstəricilər müəyyənləşdirilməlidir.

Onun fikrincə, qiymətləndirmə prosesi də həyata keçirilə bilər. Əgər müəyyən tikilinin mütləq sökülməsi tələb olunursa, həmin əmlakın dəyəri müəyyən edilərək vətəndaşa kompensasiya ödənilməsi nəzərdə tutulmalıdır.

Ekspert problemin iqtisadi tərəfinə də diqqət çəkib. O bildirib ki, çıxarışı olmayan evlər vətəndaşların iqtisadi aktivlərini məhdudlaşdırır.

“Ölkədə iqtisadi aktivliyə ehtiyac olduğu halda, yüz minlərlə evin çıxarışdan məhrum olması gələcəkdə ciddi iqtisadi problemlər yarada bilər. İqtisadi aktivliyin məhdudlaşmasının səbəblərindən biri də məhz budur. Düşünürəm ki, bu əmlaklar rəsmiləşdirilməlidir ki, daşınmaz əmlak bazarında şəffaflıq artsın, ölkəmiz üçün vergi bazası genişlənsin, vətəndaşların əmlaklarından iqtisadi aktiv kimi istifadə imkanları yaransın. Bu əmlaklar miras kimi övladlara keçə, banklar üçün kredit təminatına çevrilə, alqı-satqı və bağışlama predmeti ola bilər”, – deyə V.Oruc qeyd edib.

O əlavə edib ki, mövcud qanunvericilikdə bu sahədə ciddi islahatlara və sadələşdirmələrə ehtiyac var. Torpaq və fərdi yaşayış evlərinin qeydiyyatının genişləndirilməsi ölkə üçün müsbət nəticələr vəd edir. Əmlakların hüquqi sistemdən və dövlət reyestrindən kənarda qalması həm vətəndaşların, həm də dövlətin maraqlarına uyğun deyil. Çünki dövlət öz ərazisindəki əmlakların kateqoriyalarını, sayını və yerləşməsini müəyyən edən reyestr məlumatlarına malik olmalıdır. Bu, ölkənin iqtisadi gücünü və imkanlarını göstərən amillərdən biridir.

V.Oruc bildirib ki, 2001-ci il yanvarın 1-dək tikilmiş və müəyyən sənədləri olan evlərin rəsmiləşdirilməsi üçün bir sıra sənədlər əsas hesab olunur. Bunlara təsərrüfatbaşına kitabdan çıxarış, həmin çıxarış əsasında verilmiş arayış, 2001-ci ilə qədər verilmiş texniki pasport, yerli icra hakimiyyətinin torpaq ayrılması ilə bağlı qərarı daxildir.

Sovxoz və kolxoz ərazilərində yerləşən evlərlə bağlı 2025-ci ildə qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, sovxoz və digər dövlət təsərrüfatı müəssisələrinin rəhbərlərinin torpaq ayrılması ilə bağlı əmrləri, həyətyanı torpaq sahəsinə dair torpaq kitabından çıxarışlar da qeydiyyat üçün əsas ola bilər.

Bələdiyyə qərarı ilə alınmış torpaqlarda tikilən evlərin rəsmiləşdirilməsi üçün torpaq sahəsinin yaşayış və tikinti məqsədilə ayrılmasını nəzərdə tutan bələdiyyə qərarı, alqı-satqı sənədləri və torpaq sahəsinin planı əsas sənədlər hesab olunur. Torpaq qanunvericiliyinə uyğun olaraq, həmin dövr üçün ərazi prosedurlarına dair tələblər də nəzərə alınmalıdır.

Köhnə tipli yaşayış evləri sökülərək yerində yeni evlər tikilibsə, 10 avqust 2004-cü il tarixli müvafiq qərarlar və razılaşdırılmış layihələr hüquqi əsas kimi qəbul edilə bilər.

Ekspert qeyd edib ki, qeydiyyat üçün şəxsiyyət vəsiqəsi, ərizə, torpaq ayrılması ilə bağlı qərar, arxiv arayışı və çıxarışlar, köhnə hüquqları təsdiq edən sənədlər, texniki pasport, torpağın planı və ölçüləri, tikinti layihəsi və istismara qəbul sənədi tələb oluna bilər. Sonda dövlət rüsumunun ödənilməsi ilə qeydiyyat proseduru yekunlaşır.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki