“Prezident İlham Əliyevin Vyetnama baş tutan rəsmi səfəri Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın 2025-ci ilin mayında Bakıya səfəri zamanı qəbul edilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın hüquqi və siyasi çərçivəsini praktik müstəviyə keçirən mühüm mərhələdir”.
Referans Media xəbər verir ki, bu sözləri Globalinfo.az-a deputat Bəhruz Məhərrəmov Prezident İlham Əliyevin Vyetnama səfərini şərh edərkən deyib.
Deputat bildirib ki, siyasi-hüquqi baxımdan səfər ikitərəfli münasibətlərin tarixi dostluq ənənələrindən – 1959-cu il Ho Şi Min və 1983-cü il Heydər Əliyevin səfərlərindən formalaşan beynəlxalq hüquqi və institusional bazaya transformasiyasını nümayiş etdirir:
“Beynəlxalq münasibətlər sistemində suveren bərabərlik, daxili işlərə qarışmama və ərazi bütövlüyünə hörmət prinsiplərinə söykənən bu dialoq, həmçinin BMT, Qoşulmama Hərəkatı və AQEM kimi çoxtərəfli platformalarda qarşılıqlı dəstək və hüquqi-siyasi həmrəylik mexanizmlərini möhkəmləndirir.
İnstitusional və normativ-hüquqi əməkdaşlığın genişlənməsi səfər çərçivəsində aparılan müzakirələrin əsas xəttini təşkil edir. Vyetnamın Azərbaycanda səfirliyinin açılması və mövcud diplomatik təmsilçiliklərlə yanaşı, hökumətlərarası komissiyanın, parlamentlərarası əlaqələrin və hakim partiyalararası təmasların fəallaşdırılması ikitərəfli öhdəliklərin icrasına hüquqi-təşkilati zəmin yaradır. Eyni zamanda SOCAR və PetroVietnam arasında imzalanmış Anlaşma Memorandumu, “ROX Group” ilə əldə olunmuş investisiya razılaşmaları və birgə biznes şurasının fəaliyyəti müqavilə-hüquqi bazanın iqtisadi məzmunla dolğunlaşdığını göstərir.
Bəhruz Məhərrəmov
Gələcək perspektivdə Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq energetika, nəqliyyat-logistika, müdafiə sənayesi və humanitar sahələrdə şaxələnmə potensialına malikdir. Orta Dəhliz və “Şimal-Cənub” marşrutları vasitəsilə tranzit daşımaların artırılması, neft məhsullarının ixracı və bərpaolunan enerji layihələri tərəflərə regional bazarlara çıxış və strateji bağlantı imkanları açır. Bundan əlavə, Vyetnamın ASEAN ilə əlaqələrdə, Azərbaycanın isə Cənubi Qafqaz və regional təşəbbüslərdə oynadığı rol nəzərə alındıqda, bu səfər iki dövlət arasında uzunmüddətli, institusionallaşmış və qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşməsinə xidmət edir”.
