Yığımları qızıla yatırmaq istəyənlərə xəbərdarlıq – Bu səhvə yol verməyin!

Dünya bazarında qızılın qiymətində müşahidə olunan ucuzlaşma investorların diqqətini yenidən bu qiymətli metala yönəldib. Qiymətlərin geriləməsi qızılı yatırım vasitəsi kimi seçmək istəyənlər üçün əlverişli fürsət yaratsa da, investisiya qərarı verərkən bazar risklərini və alternativ yatırım alətlərini nəzərə almaq vacibdir. Bəs hazırkı vəziyyətdə qızıla investisiya etmək nə dərəcədə məqsədəuyğundur və vətəndaşlar yığımlarını qorumaq üçün hansı vasitələrə üstünlük verməlidirlər?

Referans Media-ya açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, dünya bazarında qızılın qiymətində müşahidə olunan ucuzlaşma uzunmüddətli investisiya planı olan şəxslər üçün müəyyən alış imkanları yarada bilər. Bununla belə, qərar qəbul edərkən qlobal iqtisadi prosesləri və qiymət dəyişikliklərinə təsir edən amilləri nəzərə almaq vacibdir.

Onun sözlərinə görə, qızılın dünya bazarındakı qiymətinə bir neçə əsas faktor təsir göstərir. Bunlara ABŞ dollarının məzənnəsi, Federal Ehtiyat Sisteminin faiz siyasəti, inflyasiya gözləntiləri, geosiyasi gərginliklər və mərkəzi bankların qızıl alışları daxildir. Xüsusilə ABŞ-da faiz dərəcələrinin yüksək qalması qızılın investisiya cəlbediciliyini zəiflədə bilir. Çünki qızıl faiz gəliri yaratmır və onun investisiya gəlirliliyi əsasən bazar qiymətinin dəyişməsindən asılıdır.

İqtisadçı hesab edir ki, hazırkı ucuzlaşmanı qiymətləndirərkən uzunmüddətli investorlar üçün mərhələli alış strategiyası daha məqsədəuyğundur. Məsələn, vətəndaş müəyyən məbləği birdəfəlik qızıla yatırmaq əvəzinə, həmin vəsaiti bir neçə hissəyə bölərək müxtəlif vaxtlarda alış edə bilər. Bu üsul qiymət dəyişkənliyinin investisiyaya təsirini müəyyən qədər azaldır.

Digər tərəfdən, qızılın qiymətinin gələcəkdə hansı istiqamətdə dəyişəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Qlobal faiz siyasətində dəyişikliklər, dolların möhkəmlənməsi və investorların davranışları qiymətlərə əlavə təzyiq yarada bilər. Buna görə qısa müddətdə qazanc əldə etmək məqsədilə qızıla investisiya edən şəxslər daha ciddi risklərlə qarşılaşa bilərlər.

A.İbrahimli qeyd edib ki, Azərbaycan vətəndaşları üçün qızıl investisiyasının özünəməxsus xüsusiyyətləri də var. Dünya bazarında qiymətlər dollarla müəyyənləşdirildiyindən, ölkə daxilində manatla satış qiymətinə beynəlxalq kotirovka, valyuta məzənnəsi və yerli bazarın satış əlavələri təsir edir. İnvestisiya məqsədilə qızıl alan şəxslər alış və geri satış qiymətləri arasındakı fərqi mütləq araşdırmalıdırlar. Zinət əşyalarının alınması bu baxımdan daha az səmərəli ola bilər. Çünki onların qiymətinə emal və dizayn xərcləri də daxil edilir.

İqtisadçı vurğulayıb ki, vətəndaşların yığımlarını qoruması və artırması baxımından diversifikasiya xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, ailə büdcəsində sərbəst vəsaitlər müxtəlif investisiya alətləri arasında bölüşdürülməlidir.

Bank əmanətləri sabit gəlir və müəyyən likvidlik təmin edə bilər. Dövlət istiqrazları orta və uzunmüddətli investisiya üçün alternativdir. Xarici valyutada yığımlar valyuta risklərinin bölüşdürülməsinə kömək edir. Səhmlər və investisiya fondları isə uzunmüddətli kapital artımı üçün imkan yaradır, lakin daha yüksək bazar riski daşıyır.

O bildirib ki, ailələrin fövqəladə hallar üçün ehtiyat vəsait saxlaması da vacibdir. Bütün sərbəst kapitalın qızıla, istiqrazlara və ya digər uzunmüddətli aktivlərə yönəldilməsi gündəlik maliyyə ehtiyaclarının qarşılanmasını çətinləşdirə bilər.

“Ümumilikdə, qızılın hazırkı ucuzlaşması uzunmüddətli investisiya baxımından diqqətəlayiq fürsət yaradır. Lakin hər bir vətəndaş öz gəlirini, xərclərini, investisiya müddətini və risk imkanlarını nəzərə alaraq qərar verməlidir.

Mənim qənaətimə görə, yığımların qorunması üçün ən sağlam strategiya müxtəlif aktivlər arasında balans yaratmaq, investisiyaları mərhələli həyata keçirmək və ailənin maliyyə təhlükəsizliyini qorumaqdır. Qızıl bu strategiyanın mühüm elementlərindən biri ola bilər”, – deyə iqtisadçı əlavə edib.

Gülnaz Abdullazadə

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki