Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabr ayında mətbuata açıqlamasında bildirib ki, Azərbaycan “3+3” formatı çərçivəsində növbəti görüşün ölkəmizdə keçirilməsini təklif edib, daha sonra görüşün Ermənistanda keçirilməsinə razılıq verib.
“2024-cü ildə İstanbulda keçirilən görüş zamanı Azərbaycan tərəfi növbəti görüşün ölkəmizdə keçirilməsini təklif edib, daha sonra görüşün Ermənistanda keçirilməsinə razılıq verib. Hətta görüşün keçirilməsi yerinin protokola salınmasını təklif etdik. Əfsuslar olsun ki, Ermənistan bu ardıcıllığa razılıq vermədi. Hesab edirik ki, bu gün fərqli mühit mövcuddur. Artıq Ermənistan və Azərbaycan nümayəndə heyətləri bir-birinin ərazisində görüşlərdə iştirak edirlər. Bütün faktorları nəzərə alaraq biz hesab edirik ki, hazırkı məqamda Ermənistanın Azərbaycanın 2024-cü ildə etdiyi təklifdən imtina etməyə əsası yoxdur. Bizim təklifimiz qüvvədədir”, deyə nazir vurğulayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ötən gün rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında bildirib ki, Cənubi Qafqaz məsələlər region ölkələri və yaxın qonşular tərəfindən dialoq və əməkdaşlıq əsasında həll edilməlidir. “Bu baxımdan, “3+3” regional əməkdaşlıq platformasının mühüm əhəmiyyət daşıdığını düşünürük”, deyə H.Fidan vurğulayıb.
Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin iyunun 5-də Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində keçirilən “3+3 platforması: ümumi çətinliklər və strateji tərəfdaşlıq” sessiyasında bildirib ki, Rusiya növbəti nazirlər görüşünün Bakıda və ya İrəvanda keçiriləcəyinə ümid edir.
Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi açıqlamasında isə qeyd edilib ki, Gürcüstanın formatla bağlı mövqeyi məlumdur. “Gürcüstan heç zaman bu formatdakı görüşlərdə iştirak etməyib”, deyə rəsmi Tiflis mövqeyini açıqlayıb.
Milli Məclisin deöutatı Hikmət Babaoğlu Musavat.com-a şərhində bildirib ki, “3+3” formatı hər zaman aktual olsa da, təəssüf ki, hələ bu formatda ümidverici görüş keçirilməyib:
“Ancaq düşünürəm ki, Azərbaycan və qardaş Türkiyənin irəli sürdüyü bu format olduqca səmərəli, işlək platformaya çevrilə bilər. Bu formatda görüşün keçirilməməsinin həm obyektiv, həm də geosiyasi şərtlərlə bağlı müəyyən səbəbləri var. Tam formatda görüşün baş tutması üçün Ermənistan və Azərbaycan, eləcə də Rusiya və Gürcüstan arasında diplomatik əlaqələr bərpa olunmalıdır. Eyni zamanda İranda və Rusiyada müharibə bitməlidir. İran və ABŞ arasında razılaşma əldə olunsa da, görünən odur ki, “3+3” formatında görüşün keçirilməsi üçün bir qədər zamana ehtiyac var. Son günlərdə bu məsələnin yenidən aktuallaşması regional kontekstdə sabitliyə doğru addımların atılması ilə bağlıdır. Ermənistanda seçkilər keçirildi, Paşinyan qalib oldu, bu isə Ermənistanın bu formata qoşulması üçün əlverişli şərtlər formalaşdırdı. Rusiya düşünür ki, İran-ABŞ müharibəsinin nəticələrindən sonra yeni geosiyasi şərtlər əldə edib. Azərbaycan və Türkiyənin isə mövqeyi dəyişməyib. Ardıcıllığın necə olmasından və harada keçirilməsindən asılı olmayaraq, görüş regionun gələcəyi üçün yeni strateji şərtlər formalaşdıra, kommunikasiyaların açılmasını sürətləndirə, regional inteqrasiyanı dərinləşdirə bilər”.
