Erməni analitik Hayk Ayvazyan ABŞ-ın Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının çıxarılması üçün Ermənistana təzyiq göstərməyə başlayacağını açıqlayıb.
“Hesab edirəm ki, yaxın vaxtlarda Ermənistanda Rusiya bazasının çıxarılması tələbi ilə kampaniya aktivləşəcək. ABŞ bu məsələdə Ermənistana təzyiq göstərməyə başlayacaq”, – Ayvazyan qeyd edib.
Analitikin fikrincə, Cənubi Qafqazda fəallaşan ABŞ Rusiyanın Ermənistanda hərbi bazasının olmasında maraqlı deyil.
Aydındır ki, 102-ci baza sadəcə hərbi obyekt deyil, Kremlin Qafqazdakı “gözətçi məntəqəsi”dir. ABŞ bu bazanın çıxarılmasını tələb etməklə Ermənistanı daha çox Qərbə inteqrasiya etməyə məcbur etmək, Rusiyanın regiondakı hərbi-siyasi təsirini zəiflətmək, Cənubi Qafqazı Ukrayna müharibəsi fonunda Moskvanın təsir dairəsindən çıxarmaq istəyir.
Referans xəbər verir ki,siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, Rusiyanın Ermənistandakı hərbi dayaqlarının zəifləməsi Azərbaycan üçün təhlükəsizlik risklərinin azalması deməkdir:
“Çünki Gümrüdəki baza dolayısı ilə Azərbaycan-Ermənistan sərhədində balans faktorudur. ABŞ və Qərbin Ermənistana daha çox təsir etməsi Ermənistanı praqmatik sülhə yaxınlaşdıra bilər. Bununla belə, Rusiya cavab olaraq Cənubi Qafqazda yeni təzyiq alətlərini işə sala bilər. Bu, təkcə Ermənistana qarşı deyil, Azərbaycana qarşı da addımların atılması şəkilində ola bilər. Rusiya Azərbaycanı “Türkiyə-Qərb bloku”nun bir hissəsi kimi görüb, daha sərt siyasət yürüdə bilər”.
“Qısa müddətdə Ermənistandakı Rusiya bazasının çıxarılması yalnız İrəvanın qərarından asılı deyil. Ermənistan rəhbərliyinə təzyiqlər həm də Moskvanın sərt reaksiyasına səbəb ola bilər. Paşinyan Qərbə meyillidir, amma Rusiyanın təpkisi Ermənistanı tam siyasi və iqtisadi blokadaya sala bilər.
Rusiya Ermənistanda vətəndaş qarşıdurması belə yarada bilər. Bu, real ssenaridir. Çünki Ermənistan daxilində iki qütb var. Paşinyan hakimiyyəti və gənc nəsil qərbyönlü qüvvələrdir.
Ermənistanın keçmiş siyasi elitası, ordu və “Qarabağ klanı” rusiyayönlü qüvvələrdirlər. Rusiyanın təxribat və destabilizasiya üsulları da məlumdur. Əgər Moskva öz təsirini itirdiyini görsə, Ermənistanda etiraz dalğası təşkil edə bilər. Bu, daxili toqquşmalarla nəticələnə bilər.
Bundan başqa, 102-ci bazanın kontingentindən Ukraynada tətbiq edilən “yaşıl adamlar” taktikasının işə salınmasında istifadə oluna bilər. Rusiya 2014-cü ildə Krımda və 2022-ci ildə Ukraynanın bir sıra bölgələrində tətbiq etdiyi qeyri-rəsmi hərbi dəstək modelini Ermənistanda da istifadə edə bilər. Müharibə zonasından gəlmiş təcrübəli rus hərbçilərini Ermənistan daxilində etnik gərginlik ocaqlarını qızışdırmaq üçün yönəldə bilər. Bu, Ermənistanda həm anti-Paşinyan etirazlarını, həm də regionda yeni qarşıdurma riskini artırar”.
Siyasi şərhçinin sözlərinə əsasən, Gümrüdəki 102-ci baza üzərində baş verən geosiyasi qarşıdurma təkcə Ermənistanın deyil, bütün Cənubi Qafqazın təhlükəsizlik arxitekturasını dəyişə bilər:
“ABŞ təzyiqləri artacaq, Rusiya isə buna qarşı həm siyasi, həm də qeyri-rəsmi hərbi taktikalara əl atacaq. Ermənistanın daxilində qarşıdurma ehtimalı olduqca yüksəkdir. Azərbaycan üçünsə bu, Rusiya təsirinin azalması baxımından həm şansdr, Moskvanın qisas siyasəti yürütdüyünü nəzərə alanda həm də risklər yaradır. ABŞ-ın Ermənistana təzyiq göstərərək Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını çıxarmağa çalışması təsadüfi deyil. Bu, yalnız Ermənistanın daxilində baş verən proseslərə təsir göstərmək deyil, həm də bütün Cənubi Qafqazda geosiyasi balansı dəyişdirmək cəhdidir.
Qarşıdakı dövr Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlanğıcı ola bilər. Bu mərhələdə hər bir dövlət öz təhlükəsizlik və balans strategiyasını yenidən müəyyənləşdirməlidir”