Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim partiyanın mövqeyini möhkəmləndirmək üçün yeni yol xəritəsi müəyyən etdiyi deyilir. Qeyd olunur ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) referenduma getmədən konstitusiya dəyişikliyi üçün tələb olunan 400 deputat həddinə çatmaq məqsədilə aktiv addımlar atır.
Konstitusiya dəyişikliyində nələr var? AKP bu hədəfə çatsa, Türkiyədə demokratiyanın ciddi zərbə alacağı iddiaları nə qədər əsaslıdır?
Referans Media xəbər verir ki ,Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, AKP-nin hazırda apardığı siyasət faktiki olaraq yenidən referenduma hazırlıq xarakteri daşıyır:
“Bu strategiyanın əsas məqsədi Rəcəb Tayyib Ərdoğanın hakimiyyət müddətini uzatmaqdır. Partiya daxilində də yaxşı anlayırlar ki, Ərdoğan namizəd olmadığı təqdirdə AKP Türkiyə prezidentliyi kreslosunu əlində saxlaya bilməyəcək. Çünki partiya daxilində ona real alternativ ola biləcək fiqur yoxdur.
Məhz bu səbəbdən bütün imkanlar səfərbər edilərək Ərdoğanın yenidən namizədliyinin təmin olunmasına çalışılır. Vaxtaşırı fərqli adlar gündəmə gətirilir: xarici işlər naziri Hakan Fidan, Prezidentin oğlu Bilal Ərdoğan, bir vaxtlar Süleyman Soylu və Berat Albayrak kimi fiqurlar müzakirə olunub. Lakin bu şəxslərin heç biri müxalifətdən mümkün namizədlər – istər Əkrəm İmamoğlu, istərsə də Mansur Yavaş qarşısında real rəqabət apara biləcək gücə malik deyil.
Bu reallıq isə Ərdoğanın yenidən namizəd edilməsini strateji zərurətə çevirir. Böyük ehtimalla, müxtəlif təzyiq mexanizmləri və şirnikləndirici vədlər vasitəsilə digər partiyalardan deputatların AKP-yə transferi təşviq olunacaq. Məqsəd parlamentdə lazımi çoxluğu formalaşdıraraq Ərdoğanın hakimiyyətinin ömrünü uzatmaqdır”.
Politoloq deyib ki, bu proses Türkiyənin demokratik imicinə ciddi zərbə vuracaq:
“Əgər Ərdoğan növbəti dəfə, xüsusən də növbədənkənar seçki yolu ilə prezident seçilərsə, gələcəkdə daha sərt və antidemokratik tədbirlərin şahidi ola bilərik.
Artıq bu istiqamətdə ilkin addımlar görünməkdədir. Müxalifətin sıxışdırılması, bələdiyyə institutunun zəiflədilməsi və yerli idarəetmənin funksional olaraq sıradan çıxarılması müzakirə olunur. Məsələn, yeni qanun təkliflərinə əsasən bələdiyyələrin müstəqil şəkildə şirkət yaratmaq hüququnun ləğvi nəzərdə tutulur.
Bütün bunlar göstərir ki, əvvəlcə bələdiyyə institutunun təsirsizləşdirilməsi, daha sonra isə real müxalifətə qarşı genişmiqyaslı təzyiqlərin artırılması planlaşdırılır. Prosesin əsas hədəfi isə Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsini təmin etməkdir”.























