image-pasinyan-2backend

Paşinyan “Putin NATO”sundan çıxmağın yolunu tapdı

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyü Ermənistanın beynəlxalq silah bazarlarına çıxışında ciddi maneə yaradıb. Onun sözlərinə görə, bu amil əsas maneə olmasa da, mühüm əngəllərdən biri olub. “Bizim KTMT-yə üzvlüyümüz beynəlxalq silah bazarına çıxış üçün ciddi maneə idi. Mən bunu birinci yox, üçüncü və ya dördüncü maneə adlandırardım, amma hər halda bu, real əngəl idi”, – deyə Paşinyan qeyd edib.

Baş nazir xatırladıb ki, 2022-ci ildə Ermənistanın yüz milyonlarla dollar dəyərində silah tədarükü ilə bağlı müqavilələri olsa da, həmin silahlar ölkəyə çatdırılmayıb. Onun sözlərinə görə, bu vəziyyət Ermənistanın təhlükəsizlik imkanlarına və ordunun təminatına birbaşa mənfi təsir göstərib.

Paşinyan eyni zamanda vurğulayıb ki, rəsmi İrəvanın ordunun yalnız müdafiə məqsədləri üçün və yalnız Ermənistanın suveren ərazisində istifadə olunacağına dair verdiyi bəyanatlar vəziyyəti dəyişib. Baş nazirin sözlərinə görə, məhz bu yanaşmadan sonra Ermənistan beynəlxalq silah bazarlarına çıxış imkanı əldə edib.

“Bu mövqe bizim üçün prinsipial idi və nəticədə Ermənistanın silah bazarlarında manevr imkanları genişləndi”, – deyə o əlavə edib.

Xatırladaq ki, Nikol Paşinyan daha əvvəl də açıqlamalarında Ermənistanın KTMT-də iştirakını faktiki olaraq dondurduğunu bildirmişdi. Analitiklər hesab edirlər ki, Paşinyanın bu açıqlaması Ermənistanın KTMT-dən uzaqlaşma xəttinin ideoloji əsaslandırılması və yeni təhlükəsizlik modelinə keçid cəhdinin açıq etirafı kimi dəyərləndirilə bilər.

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bu barədə Musavat.com-a bildirib ki, Paşinyan KTMT-nin Ermənistanın silah bazarına çıxışına maneə olmasını bilərəkdən önə çəkir və bunu KTMT-dən uzaqlaşmanın “təhlükəsiz izah forması” kimi istifadə edir. Amma əsas səbəb bu deyil:

“Əsas səbəblər, KTMT-nin təhlükəsizlik baxımından iflası, Rusiya ilə siyasi-strateji ayrılma, Ermənistanın Qərbə inteqrasiya cəhdi və daxili siyasi məsuliyyətdən yayınmaqdır. Paşinyan bu arqumenti KTMT-dən uzaqlaşmanı əsaslandıran siyasi–ictimai “legitim izah” kimi istifadə edir, amma bu, nə yeganə səbəbdir, nə də əsas səbəb. Lakin şübhəsiz ki, Fransa, Hindistan və bəzi Avropa ölkələri ilə hərbi-texniki əməkdaşlıq KTMT üzvü olan Ermənistana müəyyən problemlər yaradır. Bu baxımdan Paşinyanın dediyi maneə mövcuddur və belə görünür ki, erməni baş nazir KTMT-dən uzaqlaşmaq üçün əsas yaratmağa çalışır. O, Ermənistanı tədricən Qərb təhlükəsizlik orbitinə yaxınlaşdırmaq niyyətindədir. KTMT isə bu kursla tam ziddiyyət təşkil edir. Paşinyan KTMT-dən çıxmaq qərarını artıq siyasi olaraq verib. İndi isə bu qərarı cəmiyyətə, Qərb tərəfdaşlarına, Rusiyaya məcburi addım kimi təqdim etməyə çalışır”./musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki