Kremlə münasibətdə daha sərt mövqeyə vərdişli Avropa Birliyində Rusiyaya qarşı mövcud sanksiyaların uzadılması ilə bağlı müzakirələr kəskin ziddiyyətlərə yol açıb... Və bu, Avropa Birliyinin Ukrayna savaşının gələcək inkişaf istiqamətlərinə yönəlik konkret fəaliyyət strategiyasının mövcud olmasına da ciddi şübhələr yaradır...
Referans Media xəbər verir ki, Ukrayna savaşında enerji faktoru yenidən mümkün siyasi-diplomatik razılaşmanın əsas müzakirə mövzularından birinə çevrilir. Bu baxımdan, ABŞ prezidenti Donald Trampın "Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmaq öhdəliyi götürüb" açıqlaması mövcud ziddiyyətlərin daha da ön plana keçməsinə yol açıb. Ağ Ev sahibinin iddiasına görə, Rusiya da analoji addıma artıq razılaşıb. Halbuki, rəsmi Kiyev hesab edir ki, belə bir razılaşma qarşılıqlı xarakter daşımaqla yanaşı, həm də enerji, logistika, ərzaq və digər önəmli sahələri də əhatə etməlidir.
Məsələ ondadır ki, prezident Volodimir Zelenski bir müddət öncə Ukraynanın Rusiyanın önəmli infrastrukturuna hücumları dayandıra biləcəyini, bunun müqabilində isə Kremlin də eyni öhdəliyi götürməli olduğunu açıqlamışdı. Bu, genişmiqyaslı atəşkəsdən əvvəl ayrı-ayrı sahələr üzrə qarşılıqlı məhdudiyyətlərin tətbiq edilməsinə hesablanmış mexanizm kimi görünür. Ancaq belə bir razılaşmanın işlək olması üçün onun əhatə dairəsi, monitorinq mexanizmi və mümkün pozuntulara reaksiyanın necə müəyyənləşdiriləcəyi hələ də açıq qalır.
Digər tərəfdən, prezident Volodimir Zelenski Ukrayna müharibəsində “mütləq qalibin olmayacağını” da xüsusi olaraq, qabardır. Onun fikrincə, böyük insan itkilərinə paralel olaraq, hərbi qarşıdurma artıq yalnız tərəflərdən birinin qələbəsinə yönəlik situasiyadan çox-çox uzaqlaşıb. Böyük ehtimalla bu önəmli reallığı artıq anlamağa başlayan Rusiyanın ritorikasında da sülh danışıqları mövzusu yenidən ön plana keçir. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Kreml Ukrayna ilə sülh danışıqlarını bərpa etməyə hazırdır və bunun üçün qarşı tərəfin də hazır olması kifayətdir.
Belə anlaşılır ki, ABŞ Rusiyanın enerji obyektlərinə zərbələrin dayandırılmasını israrla tələb edir. Ukrayna bu tələbə "qarşılıqlı öhdəlik" təklifi ilə reaksiya verir. Bütün bunların qarşılığında Rusiyanın sülh danışıqlarına hazır olduğunu bildirməsi isə Ukrayna savaşı ilə bağlı müəyyən siyasi-diplomatik "pəncərə"nin açıla biləcəyini göstərir. Halbuki, bütün bu mesajların real siyasi razılaşmaya çevrilmə ehtimalını gücləndirə biləcək situasiya hələ də formalaşmayıb.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşının qlobal enerji bazarlarına neqativ təsiri isə Avropa məkanında ayrıca ciddi problem yaradır. Hətta prezident Donald Tramp belə, dünya üzrə dizel qiymətlərinin artımında Rusiya-Ukrayna müharibəsinin əsas faktorlardan biri olduğunu qabardır. İtaliya isə Ukrayna savaşı başa çatdıqdan sonra Rusiyadan təbii qaz idxalının bərpasının mümkünlüyünü elə indidən anons edir. Və rəsmi Roma bütün geopolitik böhranların Avropa məkanında enerji xərclərini həddindən artıq artırdığını da xüsusi olaraq, vurğulayır.
Təbii ki, bütün bunlar hazırda Avropa ölkələrinin qarşısında dayanan əsas dilemmaları açıq şəkildə göstərir. Yəni, Rusiya ilə enerji əlaqələrinin məhdudlaşdırılması Kremlə qarşı əsas siyasi təzyiq vasitəsi olaraq, qalır. Ancaq qlobal bazarlarda enerji qiymətlərinin yüksəlişdə olması Avropa iqtisadiyyatına sarsıdıcı zərbələr də vurur. Və ona görə də Ukrayna müharibəsindən sonra Rusiya ilə enerji münasibətlərinin necə qurulacağı artıq indidən siyasi müzakirə predmetinə çevrilir.
Digər tərəfdənsə, bütün bunlara baxmayaraq, ABŞ Rusiyaya qarşı iqtisadi təzyiqləri zəiflətmək əvəzinə, daha da gücləndirməyə çalışır. Belə ki, ABŞ Konqresinin hər iki palatasında Rusiya əleyhinə yeni sanksiyalar barədə qanun artıq təsdiqlənib. Daha sonra prezident Donald Tramp tərəfindən də imzalanaraq, qüvvəyə minən həmin qanun Rusiya qarşı sərt sanksiya mexanizmləri nəzərdə tutur. Və bu yeni sənəd ABŞ prezidenti Donald Trampa Rusiya enerji resurslarının iri xarici alıcılarına 100 faizə qədər əlavə tarif tətbiq etmək səlahiyyəti verir.
Göründüyü kimi, ABŞ-ın Rusiya siyasətində iki paralel xətt olduğu müşahidə edilir. Belə ki, Ağ Ev bir tərəfdən, Rusiya-Ukrayna müharibəsində konkret sahələr üzrə atəşkəs mexanizmlərinin formalaşdırılmasına cəhd göstərir. Digər tərəfdən isə Rusiyanın enerji gəlirlərinə və onun əsas xarici bazarlarına sarsıdıcı zərbələr ilə Kremlə qarşı iqtisadi təzyiqlərin gücləndirilməsinə üstünlük verir.
Halbuki, Kremlə münasibətdə daha sərt mövqedən çıxış etməyə vərdişli Avropa Birliyində isə Rusiyaya qarşı mövcud sanksiyaların uzadılması məsələsində bu quruma üzv ölkələr hələ də ümumi razılığa gələ bilməyiblər. Bu ziddiyyətli vəziyyət Avropa Birliyi daxilində Rusiya siyasəti və enerji təhlükəsizliyi ilə bağlı mövcud olan ciddi fikir ayrılıqlarının hələ tamamilə aradan qalxmadığını da göstərir. Və bu, Avropa Birliyinin Ukrayna savaşının gələcək inkişaf istiqamətlərinə yönəlik konkret fəaliyyət strategiyasının mövcud olmasına da müəyyən şübhələr yaradır.
Göründüyü kimi, Ukrayna müharibəsi ətrafında siyasi-diplomatik proseslə qlobal iqtisadi qarşıdurma bir-birinə paralel şəkildə davam edir. Ona görə də, əgər, enerji obyektlərinə zərbələrin qarşılıqlı dayandırılması barədə razılaşma reallaşarsa, bu, daha genişmiqyaslı sülh danışıqları üçün məhdud da olsa, yeni siyasi-diplomatik kanal aça bilər.
Ancaq Rusiya və Ukrayna arasında əsas siyasi və təhlükəsizlik məsələləri həll edilmədikcə, belə bir razılaşmanın savaşı dayandıran yekun mexanizmə çevrilə biləcəyi hazırda o qədər də inandırıcı görünmür. Və bu baxımdan, həm Rusiyanın, həm də Ukraynanın enerji infrastrukturuna qarşılıqlı zərbələri əvvəlki kimi davam etdirməsi qətiyyən gözlənilməz xarakter daşımır.(Yeni Müsavat)
