Ağ Ev təsdiqlədi: Donald Tramp Ankaraya səfər edəcək - VİDEO

ABŞ Prezidenti Donald Tramp iyulun 7-8-də Ankarada keçiriləcək NATO Zirvəsində iştirak edəcək. Bu barədə məlumatı ABŞ dövlət katibi Marko Rubio açıqlayıb.

Rubionun sözlərinə görə, Tramp NATO-ya üzv ölkələrin liderləri ilə bir araya gələrək alyansın gələcək fəaliyyəti və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Referans Media xəbər verir ki, Türkiyənin ev sahibliyi edəcəyi zirvədə müdafiə xərclərinin artırılması, üzv ölkələr arasında məsuliyyət bölgüsü, terrorizmlə mübarizə və regional sabitliyin gücləndirilməsi kimi məsələlərin əsas gündəm mövzuları olacağı gözlənilir.

Bundan əlavə, Trampın Türkiyə rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi və münasibətlərin inkişafına dair fikir mübadiləsi aparması da ehtimal edilir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bundan əvvəl verdiyi açıqlamada Trampın NATO Zirvəsində iştirak etməyi planlaşdırdığını bildirmişdi. Fidan qeyd etmişdi ki, Rəcəb Tayyib Ərdoğan ilə Tramp arasında baş tutan telefon danışıqlarında ABŞ prezidenti hər dəfə zirvəyə qatılmaq niyyətində olduğunu vurğulayıb.

Hakan Fidan bildirib ki, ABŞ müttəfiq ölkələrdən müdafiə sahəsinə daha çox vəsait ayırmağı və təhlükəsizlik məsuliyyətini bölüşməyi tələb edir. Onun sözlərinə görə, Avropa ölkələri artıq bu istiqamətdə addımlar atmağa başlayıb və Ankara Zirvəsində əldə olunan nəticələr geniş şəkildə nəzərdən keçiriləcək.

Ankarada keçiriləcək NATO Zirvəsi həm alyansın gələcək strategiyası, həm də regional təhlükəsizlik baxımından son illərin ən mühüm beynəlxalq toplantılarından biri hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki