Lagardın üzündəki sarğıların səbəbi məlum oldu: Səbəbini açıqladı- VİDEO

Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard istefasını elan etdiyi videoda üzündəki sarğılarla diqqət çəkib. O, sarğıların səbəbinin kiçik dəri xərçənginin götürülməsi üçün keçirdiyi əməliyyat olduğunu açıqlayıb.

Referans Media xəbər verir ki, 70 yaşlı Laqard oktyabrın 29-da yayımladığı videoda 2027-ci il fevralın 7-də vəzifəsindən ayrılacağını bildirib.

O, AMB əməkdaşlarına müraciətində həftənin əvvəlində kiçik cərrahi müdaxilə keçirdiyini deyib. Laqard üzündəki sarğılarla bağlı zarafat edərək, bunun kikboksla əlaqəli olmadığını, kiçik dəri xərçənginin götürüldüyünü bildirib. O, daha sonra sosial şəbəkədə də məsələ ilə bağlı açıqlama verərək, mümkün spekulyasiyaların qarşısını almaq istədiyini vurğulayıb.

Laqard vaxtından əvvəl istefa qərarını isə vəzifəsinin tələb etdiyi siyasi neytrallıqla əlaqələndirib. O bildirib ki, AMB rəhbəri kimi bəzi məsələlərdə fikirlərini açıq ifadə edə bilmir və artıq dünyada baş verən hadisələr barədə daha sərbəst danışmaq istəyir.

Onun gedişinin 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərindən əvvəl baş tutması da diqqət çəkir. Bu, Avropa İttifaqı liderlərinə yeni AMB rəhbərini seçkilərdən əvvəl müəyyənləşdirmək imkanı yarada bilər.

Laqardın mümkün varisləri arasında Niderland Mərkəzi Bankının keçmiş rəhbəri Klaas Knot və İspaniya Mərkəzi Bankının sabiq rəhbəri Pablo Hernández de Cosun adları çəkilir. Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta yeni rəhbərin seçilməsi prosesinin dərhal başlanacağını bildirib.

Laqardın AMB-dən ayrıldıqdan sonra Dünya İqtisadi Forumunda vəzifə tuta biləcəyi də iddia olunur. Lakin təşkilat bu barədə açıqlama verməyib. AMB isə rəhbər dəyişikliyinin qurumun pul siyasəti qərarlarına təsir etməyəcəyini bəyan edib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki