Türkiyənin məşhur istirahət bölgəsini sel basdı: Evlər su altında qaldı - VİDEO

Türkiyənin Muğla vilayətinin Dalaman rayonunda güclü yağış daşqına səbəb olub. Tersakan çayının məcrasından çıxması nəticəsində evlər, iş yerləri və kənd təsərrüfatı sahələri su altında qalıb. Bir sıra yollar nəqliyyatın hərəkəti üçün bağlanıb.

Referans Media xəbər verir ki, yağışdan sonra daşan çayın suları Dalaman Atatürk küçəsini və köhnə Göcek avtomobil yolunu basıb. Yol polisi təhlükəsizlik məqsədilə həmin istiqamətlərdə nəqliyyatın hərəkətini dayandırıb. Daşqın nar və sitrus bağlarına, eləcə də yaşayış evlərinə ziyan vurub.

Daşqın nəticəsində sənaye zonasının bir hissəsi, buradakı iş yerləri və ətrafdakı əkin sahələri də su altında qalıb. Su basan və zərər görən avtomobillər evakuatorların köməyi ilə ərazidən çıxarılaraq sənaye zonasına aparılıb.

Daşqının əhatə etdiyi ərazilər dron vasitəsilə lentə alınıb. Görüntülərdə çoxsaylı evlərin, iş yerlərinin və kənd təsərrüfatı sahələrinin su altında qaldığı əks olunub.

Bölgədə yağışın yaratdığı digər problem Köyceğiz–Ortaca avtomobil yolunun Kocabel hissəsində qeydə alınıb. Burada baş verən torpaq sürüşməsi nəticəsində yola qaya parçaları və torpaq tökülüb, yolun bir hərəkət zolağı bağlanıb.

Əraziyə cəlb olunan qruplar yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Sürücülər isə həmin hissədə hərəkət etməkdə çətinlik çəkiblər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki