Referans Media xəbər verir ki, bu barədə araşdırma “Current Biology” jurnalında dərc olunub. Sübut olunub ki, körpələr hələ həyatının ilk günlərindən musiqini hiss etmək bacarığına malikdirlər.
Tədqiqatlar göstərir ki, yenidoğulmuşlar mədəniyyətlə tanış olmadan və ya danışmağa başlamazdan çox əvvəl ritm və melodiyaya reaksiya verirlər. Bu o deməkdir ki, musiqi duyumu sadəcə qazanılmış bacarıq deyil, beynin anadangəlmə xüsusiyyətidir. Körpələr artıq erkən yaşlarından ritmik strukturları tanıya və səsləri yüksəkliyinə görə qruplaşdıra bilirlər. Mədəniyyət isə yalnız sonradan işə düşərək bu təməl üzərində musiqi ənənələrini və üslubları formalaşdırır.
Maraqlıdır ki, beyin musiqini və nitqi tamamilə fərqli şəkildə emal edir. Məsələn, “anadangəlmə amuziya”dan (musiqi korluğu) əziyyət çəkən insanlar dili mükəmməl mənimsəsələr də, musiqi strukturlarını anlamaqda çətinlik çəkirlər. Bu da musiqi sisteminin beyində müstəqil fəaliyyət göstərdiyini təsdiqləyir.
Alimlər qeyd edirlər ki, ritmlə sinxronlaşma qabiliyyəti təkcə insanlara məxsus deyil. Makaka meymunları və bəzi quş növlərində də oxşar reaksiyalar müşahidə olunub. Bu, musiqi qavrayışının köklərinin çox qədim bioloji mexanizmlərə dayandığını göstərir.
Musiqinin eyni zamanda yaddaşa, əhval-ruhiyyəyə və hərəkət proseslərinə təsir etməsi onu tibbdə əvəzolunmaz edir. Tədqiqatçılar hesab edirlər ki, bu kəşf musiqi terapiyasının imkanlarını genişləndirəcək. Xüsusilə nitqin bərpası, hərəkət koordinasiyası və emosional pozuntuların müalicəsində musiqidən daha effektiv istifadə olunması gözlənilir.//publika.az






















