Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran və ABŞ arasında münasibətlərin gələcəyi ilə bağlı narahatlıqlar dərinləşir. Mövcud vəziyyətin diplomatik yolla həllinin mümkün olub-olmaması isə müzakirə mövzusudur.
Referans Media-ya açıqlama verən politoloq Aydın Quliyev bildirib ki, hazırkı şəraitdə İran–ABŞ münaqişəsinin diplomatik yolla tənzimlənməsi üçün mexanizmlər ya mövcud deyil, ya da hələ formalaşmayıb.
Onun sözlərinə görə, faktiki olaraq artıq tərəflər arasında tammiqyaslı müharibədən danışmaq mümkündür:
“Baxmayaraq ki, müvəqqəti atəşkəs mövcuddur, lakin demək olar ki, bütün müharibə vasitələrindən istifadə olunur. Mülki infrastruktur, hərbi obyektlər vurulur, hava zərbələri və raket hücumları həyata keçirilir, hətta terror və sui-qəsd elementləri də müşahidə olunur”.
Politoloq qeyd edib ki, tərəflər arasında ciddi etimadsızlıq mövcuddur və bu, hər hansı razılaşmanın əldə olunmasına ciddi maneə yaradır. Onun fikrincə, İranın ABŞ-a qarşı etimadsızlıq üçün əsasları daha çoxdur.
Aydın Quliyev əlavə edib ki, Türkiyə, Misir və Pakistan kimi ölkələrin vasitəçilik cəhdləri də nəticəsiz qalıb:
“Vasitəçilər mövcud inamsızlıq mühitində effektiv fəaliyyət göstərə bilmirlər. Əldə olunan razılaşmalar da tez-tez pozulur”.
Politoloqun qənaətinə görə, hərbi əməliyyatların bir müddət daha davam etməsi realdır və tərəflər yalnız ciddi itkilərdən sonra müharibəni dayandırmağın vacibliyini anlaya bilərlər.
O, həmçinin xəbərdarlıq edib ki, münaqişənin davam etməsi qlobal təhlükəsizliyə ciddi zərbə vurur:
“Hörmüz boğazının bağlı qalması dünya enerji bazarına və dövlətlərarası münasibətlərə mənfi təsir göstərir”.
Sonda politoloq vurğulayıb ki, mövcud şəraitdə sülh perspektivindən daha çox, daha genişmiqyaslı müharibə ehtimalı üstünlük təşkil edir.
Gülnaz Abdullazadə.






















