Almaniyanın müdafiə naziri Boris Pistorius NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən müdafiə nazirlərinin görüşü öncəsi jurnalistlərə açıqlama verib.
Referans Media xəbər verir ki, nazir bildirib ki, Hörmüz boğazında həyata keçirilməsi ehtimal olunan mina təmizləmə missiyası ilə bağlı hərbi hazırlıqlara başlanılıb.
Bununla yanaşı, Ukraynaya yeni müdafiə yardımlarının detalları da açıqlanıb.
Pistorius daha əvvəl Aralıq dənizinə göndərilən “Fulda” mina axtaran gəmisi və “Mosel” dəstək gəmisinin Süveyş kanalını keçərək Qırmızı dənizə doğru irəlilədiyini bildirib.
Onun sözlərinə görə, gəmilər ehtiyat tədbiri olaraq Hörmüz Boğazında mümkün əməliyyat üçün əvvəlcədən bölgəyə yerləşdiriləcək.
Nazir qeyd edib ki, məqsəd tələb yaranacağı təqdirdə Almaniyanın sürətli şəkildə hərəkətə keçə bilməsi və xüsusilə Hörmüz Boğazına qısa müddətdə çatmaq imkanının təmin edilməsidir.
Pistorius əməliyyatın həyata keçirilməsi üçün zəruri şərtlər yarandığı halda Almaniya parlamentindən (Bundestaq) icazə alınacağını bildirib. Lakin prosesin nə zaman başlayacağı hələ dəqiq deyil.
Almaniya Müdafiə naziri bildirib ki, beynəlxalq hüquq çərçivəsində aydın razılaşma ilə yanaşı, İran və Oman tərəfinin də razılığı vacibdir.
O, qarşıdakı 60 gün ərzində İranla ABŞ arasında aparılacaq danışıqların gedişatının mühüm rol oynayacağını vurğulayıb.
Pistorius ABŞ və İran arasında əldə olunan razılaşma ilə bağlı müsbət fikirlər səsləndirib və qarşıdurmanın dayandırılması istiqamətində atılan addımları alqışladığını deyib.
Alman nazir Ukraynanın Müdafiə Təmas Qrupu çərçivəsində keçiriləcək görüşlərdə Ukraynadakı müharibənin də müzakirə olunacağını bildirib.
Pistorius Ukrayna ordusunun ölkəsini müdafiə etməkdə və bəzi əraziləri geri almaqda uğurlar qazandığını iddia edib.
Onun sözlərinə görə, Rusiya cəbhədə ciddi irəliləyiş əldə edə bilmir və böyük itkilərlə üzləşir.
Almaniya isə Ukraynaya dəstəyini davam etdirəcəyini açıqlayıb./ Sfera.az
