Rusiya: Ukraynanın PUA hücumu nəticəsində Moskva vilayətində 16 nəfər yaralanıb

Rusiyanın Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirdiyi hücum nəticəsində 16 nəfərin yaralandığını açıqlayıb.

Vorobyov sosial şəbəkə hesabında paylaşdığı məlumatda Ukrayna ordusunun Moskva vilayətinə növbəti PUA hücumları təşkil etdiyini bildirib.

Onun sözlərinə görə, Jukovski şəhərində pilotsuz aparat çoxmərtəbəli yaşayış binasına düşüb və bina sakinləri təxliyə olunub. Hücum nəticəsində Lyubertsi şəhərində idman zalı və sənaye obyektinə ziyan dəyib, Kotelniki şəhərində yerləşən ticarət mərkəzində isə yanğın baş verib.

Qubernator qeyd edib ki, hücum nəticəsində Moskva vilayətində 2-si uşaq olmaqla 16 nəfər yaralanıb. Yaralılara tibbi yardım göstərilir, hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki