BƏƏ-də 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələr qadağan edildi

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 15 yaşdan aşağı uşaqların sosial media istifadəsi qadağan olunub.

BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-ın məlumatına görə, Nazirlər Kabineti uşaqların sosial şəbəkə platformalarına çıxışını tənzimləyən yeni qərar qəbul edib.

Qərara əsasən, ölkədə sosial media istifadəsi üçün minimum yaş həddi 15 olaraq müəyyənləşdirilib.

Yeni qaydalara görə, 15 yaşdan kiçik uşaqlar şəxsi sosial media hesabı yarada və ya mövcud hesablarından istifadə edə bilməyəcəklər. Həmçinin onların bu platformaların bütün funksiyalarına çıxışı məhdudlaşdırılacaq.

BƏƏ-nin Baş naziri və Dubay əmiri Mohammed bin Rashid Al Maktoum bildirib ki, bu addım ölkənin uşaqların rəqəmsal mühitdə qorunmasına yönəlmiş qabaqcıl model formalaşdırmaq və rəqəmsal təhlükəsizliyi gücləndirmək məqsədini əks etdirir.

O vurğulayıb ki, məqsəd uşaqların təhlükəsiz, balanslı və yaşlarına uyğun rəqəmsal mühitdə texnologiyadan faydalanmasını təmin etməkdir. Baş nazir əlavə edib ki, valideyn icazəsi də tətbiq olunan qadağa və məhdudiyyətlər üçün istisna sayılmayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki