Filippinin cənubundakı Mindanao bölgəsində iyunun 8-də baş vermiş 7,8 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 78 nəfərə yüksəlib.
Manilada fəaliyyət göstərən Inquirer qəzetinin məlumatına görə, yerli hakimiyyət orqanları ölənlərin sayının artdığını açıqlayıb.
Rəsmilər bildiriblər ki, zəlzələ nəticəsində 1339 nəfər yaralanıb, 30 nəfər isə itkin düşmüş hesab olunur.
Həmçinin qeyd olunub ki, təbii fəlakət təxminən 1,5 milyon nəfərə təsir göstərib.
ABŞ Geoloji Xidməti (USGS) iyunun 8-də Mindanao adasında 7,8 bal gücündə zəlzələ qeydə alındığını, yeraltı təkanların 55,2 kilometr dərinlikdə baş verdiyini açıqlamışdı.
Qeyd edək ki, Filippin “Sakit Okean Alov Halqası” adlandırılan aktiv zəlzələ və vulkan qurşağında yerləşdiyindən ölkədə güclü zəlzələlər tez-tez baş verir.
