Hər kəs həyəcanla bu xəbəri gözləyirdi: Bu yay temperatur rekord qıracaq? – İyul və avqust ayları...

Bu yay havadan od töküləcək”, “temperatur rekord qıracaq” kimi iddialar artıq gündəmin əsas mövzularından birinə çevrilib. Xüsusilə iyul və avqust ayları yaxınlaşdıqca əhalini maraqlandıran əsas sual budur: Azərbaycanda, xüsusilə Bakıda yay necə keçəcək?

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən ekoloq Qorxmaz İbrahimov bildirib ki, sinoptiklər uzunmüddətli dövr üçün dəqiq hava proqnozu verə bilmirlər.

“Sinoptiklər heç vaxt iki aylıq dəqiq proqnoz verə bilmirlər. Hətta bir aylıq proqnozları da dəqiq hesab etmək olmaz. Ümumiyyətlə, yaxın 5 gündən sonrakı hava ehtimalları və proqnozlar hər zaman tam dəqiq olmur”, – deyə o bildirib.

Ekspert qeyd edib ki, hazırda Azərbaycanda yazdan yay fəslinə keçid başa çatıb və havalar tədricən istiləşməkdədir.

“İyun ayı nisbətən sərin keçdiyinə görə iyul ayında şiddətli istilərin olacağını düşünmürəm. Amma bunu proqnoz kimi qəbul etməyin. Sadəcə iyul ayı ənənəvi olaraq isti keçən aylardandır”, – deyə Q.İbrahimov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi coğrafi mövqe yay aylarında isti hava şəraitinin müşahidə olunmasını təbii edir.

“Ölkəmiz mülayim subtropik qurşaqda yerləşir. Buna görə də iyul, avqust, hətta sentyabr aylarında havanın isti keçməsi normaldır. Yay mövsümündə əraziyə isti hava kütlələri daxil olur. Aralıq dənizi hövzəsindən gələn hava axınları və cənub istiqamətindən əsən isti küləklər də buna təsir göstərir”, – deyə ekspert bildirib.

Qorxmaz İbrahimov hesab edir ki, ayrı-ayrı günlərdə temperaturun yüksəlməsi mümkün olsa da, bunun bütün yay boyunca davam edən ekstremal istilər anlamına gəlmədiyini nəzərə almaq lazımdır.

“Elə qorxuducu, qovurucu və yandırıcı istilərin olacağını düşünmürəm. Bir və ya iki gün isti keçməsi o demək deyil ki, iki ay ərzində fasiləsiz isti olacaq və insanlar narahatlıq içində yaşayacaqlar”, – deyə o əlavə edib.

Ekspert vətəndaşlara yay aylarında günəş şüalarından düzgün istifadə etməyi, xüsusilə günün ən isti saatlarında ehtiyatlı olmağı tövsiyə edib.

“İnsanlar normal həyat tərzini davam etdirməlidirlər. Dənizə yaxın ərazilərdə yaşayanlar dənizdən faydalana bilərlər. Sadəcə günəş altında uzun müddət qalmamaq lazımdır. Günəşdən düzgün istifadə edildikdə bunun zərəri yoxdur”, – deyə Q.İbrahimov bildirib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki