Parisdə güclü istilərə görə ictimai yerlərdə spirtli içki qadağası tətbiq ediləcək

Fransanı və Avropanın böyük hissəsini təsiri altına alan ölümcül isti hava dalğası səbəbindən Parisdə xəstəxanalar maksimum tutuma çatıb. Təcili yardım şöbələrindəki sıxlığı azaltmaq məqsədilə şəhər üzrə ictimai yerlərdə spirtli içki qəbulu və mağazalarda paket şəklində spirtli içki satışı müvəqqəti qadağan olunub.

Paris Polis Prefekti Patris For bildirib ki, paytaxtdakı xəstəxanalarda doluluq həddi artıq maksimum səviyyəyə çatıb. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilənlərin sayının artmasının qarşısını almaq üçün əlavə tədbirlərin görülməsi zəruridir.

Fransanın səhiyyə naziri Stefani Rist isə açıqlayıb ki, son 24 saat ərzində Parisdə təcili tibbi yardım xidmətləri adi günlərlə müqayisədə 4 dəfə çox ürəktutması halı qeydə alıb. Bu hallar arasında gənclərin də olduğu bildirilib.

Qərara əsasən, ictimai yerlərdə spirtli içki qəbulu ilə bağlı qadağa cümə günü günorta saatlarından başlayacaq, ertəsi gün səhərədək qüvvədə olacaq və həftəsonu da eyni saatlarda tətbiq ediləcək. Açıq oturma sahəsi olan restoran və kafelər bu qadağaya daxil edilməyəcək.

Bundan əlavə, mağazalarda paket şəklində spirtli içkilərin satışı axşam saatlarından səhərədək dayandırılacaq.

Şəhər rəhbərliyi istilərlə mübarizə çərçivəsində məktəblərdə tətil elan edib, parkların isə gün ərzində açıq saxlanılması barədə qərar verib.

Parisdə havanın temperaturu iyun ayı üzrə rekord həddə – 41 dərəcəyə yaxınlaşıb. Güclü istilər səbəbindən Eyfel qülləsi və Luvr Muzeyi kimi məşhur turizm məkanlarının iş saatları qısaldılıb, ölkə üzrə 44 milyondan çox insan üçün ən yüksək – qırmızı təhlükə səviyyəsi elan edilib.

Həmçinin çay sularının həddindən artıq isinməsinin qarşısını almaq məqsədilə Fransada fəaliyyət göstərən iki nüvə reaktorunun işi müvəqqəti dayandırılıb.

Meteoroloqlar isti hava dalğasının yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırırlar.

Son aylarda istehlak bazarında həm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki