Bakı üçün ŞOK təklif: Nazirliklər və universitetlər şəhərdən köçürülür? – Tıxacın əsl həlli tapıldı!

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə məsafədən iş modelinin tətbiqinin genişləndirilməsi son günlər ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Mütəxəssislər hesab edir ki, bu model müəyyən sahələrdə xərclərin azalmasına və vaxt itkisinin qarşısının alınmasına kömək etsə də, bütün peşələr üçün eyni dərəcədə effektiv deyil. Ekspertlərin fikrincə, nəqliyyat probleminin həlli üçün kompleks yanaşmaya ehtiyac var.

Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc bildirib ki, nəzəri baxımdan məsafədən iş modeli xərclərin azalmasına səbəb ola bilər. Lakin pandemiya dövründə əldə olunan təcrübə göstərib ki, bu model hər sahə üçün effektiv deyil.

Onun sözlərinə görə, evdən işləmək bəzi hallarda işin koordinasiyasına, keyfiyyətinə və əmək məhsuldarlığına mənfi təsir göstərə bilər. Bundan əlavə, uzun müddət ev şəraitində fəaliyyət göstərmək işçilərdə psixoloji gərginlik yarada bilər.
“İnsan hər gün evdən çıxaraq iş mühitini dəyişir, yenilənir. Daim evdə işləmək isə psixoloji problemlərin yaranmasına səbəb ola bilər. Təkcə tıxacın və ya xərclərin azalması naminə belə problemlərin yaranmasını düzgün hesab etmirəm”, – deyə o bildirib.

V.Oruc qeyd edib ki, məsafədən iş yalnız fəaliyyət xüsusiyyətinə uyğun olan sahələrdə tətbiq edilməlidir. Onun fikrincə, daşınmaz əmlak, qiymətləndirmə və aktiv ünsiyyət tələb edən digər sahələr üçün tam məsafədən iş modeli uyğun deyil. Bununla yanaşı, bəzi müəssisələrdə müəyyən vəzifələr üzrə əməkdaşların evdən işləməsi mümkündür.

Ekspert hesab edir ki, nəqliyyat sıxlığının azaldılması üçün daha səmərəli addımlar atılmalıdır. Onun sözlərinə görə, istehsal müəssisələrinin, təhsil müəssisələrinin və yataqxanaların şəhər kənarına köçürülməsi, eləcə də birbaşa vətəndaşlara xidmət göstərməyən dövlət qurumlarının paytaxtın mərkəzindən kənara çıxarılması daha effektiv nəticə verə bilər.

“Şəhərdə yalnız vətəndaşlara birbaşa xidmət göstərən dövlət qurumlarının qalması məqsədəuyğun olardı. Digər qurumların şəhər kənarında yerləşməsi həm nəqliyyat yükünü, həm də tıxacları azalda bilər”, – deyə V.Oruc vurğulayıb.

O əlavə edib ki, məsafədən iş modeli müəyyən qənaət yaratsa da, əmək məhsuldarlığı və görülən işin keyfiyyəti baxımından bütün sahələr üçün müsbət nəticə verməyə bilər.

Bununla belə, Vüqar Oruc bəzi peşə və vəzifələr üzrə məsafədən işləməyin mümkün olduğunu bildirib. Onun sözlərinə görə, belə hallarda evdən işləmək həm işçilərin şəxsi büdcəsinə, həm də müəssisələrin xərclərinin azalmasına müsbət təsir göstərə bilər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki