Ümumdünya Meteorologiya Təşkilatının İqlim Məlumatları Bölməsinin rəhbəri Con Kennedi Avropada müşahidə olunan güclü isti hava dalğası ilə bağlı açıqlamasında bildirib ki, qitə son 30 ildə dünyada ən sürətlə istiləşən bölgə olub və burada orta temperatur təxminən 2 dərəcə artıb.
Con Kennedinin sözlərinə görə, hazırda Avropada müşahidə olunan istilər son dərəcə şiddətlidir və demək olar ki, hər gün yeni temperatur rekordları qeydə alınır. O bildirib ki, İspaniya və Fransada havanın temperaturu 40 dərəcəni ötüb, Fransanın 50-dən çox bölgəsində isə qırmızı xəbərdarlıq elan edilib. Böyük Britaniya isə tarixinin ən isti iyun ayını yaşayır.
O vurğulayıb ki, əsas narahatlıq doğuran məqamlardan biri gecə saatlarında temperaturun 20 dərəcədən aşağı düşməməsidir. Bu səbəbdən insanlar gün ərzində yığılan istidən gecələr də xilas ola bilmir və bu, orqanizmə əlavə yük yaradır. Nəticədə xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar və açıq havada çalışan şəxslər arasında xəstələnmə və ölüm riski artır.
Con Kennedi bildirib ki, isti hava dalğalarının əvvəlcədən proqnozlaşdırılması insanların qorunması və həyatların xilas edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, uzunmüddətli istiləşmə tendensiyasının davam etdiyini vurğulayaraq qeyd edib ki, Avropada son 30 ildə orta temperatur təxminən 2 dərəcə yüksəlib və ekstremal istilər daha tez-tez müşahidə olunur.
Onun sözlərinə görə, bu proses iqlim dəyişikliyi ilə birbaşa bağlıdır və əsas səbəb atmosferdə toplanan istixana qazlarıdır. İstixana qazlarının emissiyası davam etdikcə istiləşmə meyli də davam edəcək.
Con Kennedi əlavə edib ki, hazırda Avropa üzərində "Omeqa bloklanması" adlanan yüksək təzyiq sistemi formalaşıb. Bu sistem buludların yaranmasının qarşısını alır, günəş şüalarının yer səthini daha çox qızdırmasına səbəb olur. Eyni zamanda, Şimali Afrikadan Avropaya isti hava axınlarının daşınması da temperaturun yüksəlməsini sürətləndirir. Onun sözlərinə görə, bütün bu amillər birlikdə güclü isti hava dalğası yaradır, lakin bunun əsas fonunda iqlim dəyişikliyi dayanır.
O qeyd edib ki, son illərdə Avropada və dünyanın digər bölgələrində ekstremal istilər daha tez-tez, daha güclü və daha uzunmüddətli xarakter alır. Bu tendensiya İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel tərəfindən insan fəaliyyəti ilə əlaqələndirilir.
Con Kennedi xatırladıb ki, 2003-cü ildə Avropada baş verən isti hava dalğası nəticəsində təxminən 70 min insan həyatını itirmişdi. Hazırkı isti hava dalğası ilə bağlı ölüm statistikası hələ tam açıqlanmasa da, vəziyyətin ciddi olduğunu vurğulayıb.
Sonda o, vətəndaşlara meteoroloji xidmətlərin xəbərdarlıqlarına əməl etməyi, günün ən isti saatları olan 11:00–17:00 arasında günəş altında qalmamağı, bol maye qəbul etməyi, sərin yerlərdə olmağı və risk qrupuna daxil olan insanlara xüsusi diqqət göstərməyi tövsiyə edib.
