Pentaqon Hind-Sakit Okean Komandanlığının adını Sakit Okean Komandanlığı olaraq dəyişdirib. Bu haqda ABŞ Müharibə Nazirliyi açıqlama verib. Bununla Pentaqon 2018-ci ildə Komandanlığı Hind-Sakit Okean adlandırması qərarından imtina edib. İlk baxışdan texniki dəyişiklik kimi görünən bu addım əslində geosiyasi dairələrdə ciddi müzakirələrə səbəb olub.
Referans Media xəbər verirki ,mövzu ilə bağlı Musavat.com-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Pentaqonun son qərarı Vaşinqtonun Asiya strategiyası ilə bağlı yeni suallar doğurub:"Halbuki Pentaqon rəhbərliyi 8 il əvvəl Komandanlığın adına “Hind” ifadəsinin əlavə olunmasını iki böyük okean arasında sıx bağlantı ilə izah etmişdi. Adın dəyişdirilməsində digər amil ABŞ-ın Hindistanla hərbi sahədə əməkdaşlığı genişləndirməsi istəyi ilə əlaqəli idi. Hind Okeanında 3 dövlətin – ABŞ, Çin və Hindistanın strateji maraqları mövcuddur. Dünyada konteyner daşımasının təxminən yarısına qədəri bu ərazidən həyata keçirilir. Bundan əlavə, bölgə karbohidrogen xammalının dəniz nəqliyyatı ilə daşınmasının təxminən 70%-ni təşkil edir. Çin və Hindistan iqtisadiyyatları sabit artım nəzərə alındıqda bu rəqəmlər getdikcə artacaq.
1947-ci ildə ABŞ-ın o zamankı Prezidenti Harri Trumenin fərmanıyla qurulan Sakit Okean Komandanlığı ABŞ-ın Qərb sahilindən Hindistanın qərb sahilinə qədər uzanır. İkinci Dünya müharibəsindən sonra qurulan Sakit Okean Komandanlığı ABŞ-ın Koreya və Vyetnam müharibələrində başlıca rol oynayıb".
Politoloq qeyd edib ki, Komandanlığın adın “Hind” sözünün çıxarılması Yeni Dehlidə narazılıqla qarşılanıb:"Hindistanın siyasi dairələrində hesab edirlər ki, Pentaqonun bir neçə il əvvəl Sakit Okean konsepsiyasına "Hind" sözünün daxil edilməsi sadəcə coğrafi adla bağlı olmayıb. Bu, Hindistanın Asiya və Hind okeanının gələcək strateji arxitekturasında əvəzolunmaz rolu ilə əlaqələndirilirdi. Vaşinqton bununla Sakit okean və Hind okeanlarının bir-biri ilə əlaqəli strateji məkana çevrildiyini və Hindistanın onun daxilində tarazlığı qorumaqda mərkəzi rol oynadığını qəbul edirdi. Buna görə də Komandanlıq adından “Hind” sözündən çıxarılması Yeni Dehlidə Hindistanın Amerika strategiyasındakı rolunun bir növ ikinci dərəcəyə keçdiyinin işarə kimi qiymətləndirilib".
Elxan Şahinoğlu onu da vurğulayıb ki,
Çin Hind və Sakit okeanda hərbi gücünü artırmaqdadır. Çin limanlardan və logistika qurğularından tutmuş dəniz infrastrukturuna qədər dəniz yollarını nəzarətini gücləndirməyə çalışır. Və bu gedişat Vaşinqtonu narahat edir: "ABŞ belə vəziyyətdə bölgədə daha çox tərəfdaş lazımdır. Yeni Dehlidə hesab edirlər ki, ABŞ bu çərçivədə Hindistanla da strateji tərəfdaşlığı gücləndirməlidir. Ancaq Donald Tramp ikinci müddətə Prezident seçildikdən sonra Vaşinqtonun Yeni Dehli ilə münasibətlərdə müəyyən suallar yarandı. Tramp Hindistan məhsullarına qarşı gömrük rüsumlarını artıracağını bəyan etdi, ticarət anlaşmasının imzalanması uzandı. Görünür, Hind-Sakit Okean Komandanlığının adından “Hind” ifadəsinin çıxarılması da ikitərəfli əlaqələrin bugünkü vəziyyəti ilə bağlıdır. Trampdan sonrakı dövrdə ABŞ-Hindistan əlaqələrinin yenidən strateji səviyyəyə qalxması mümkündür. Bu zaman Komandanlığın adı yenidən dəyişə bilər".
