Almaniyada magistral yolda polis yoxlamasına düşən 38 yaşlı Türkiyə vətəndaşının avtomobilindən külli miqdarda qızıl aşkarlanıb. Avtomobilin orta konsolunda xüsusi hazırlanmış gizli bölmədə saxlanılan 8 kiloqram qızılın dəyərinin təxminən 950 min avro (təxminən 1,9 milyon manat) olduğu bildirilib.
Referans Media xəbər verir ki, hadisə Almaniyanın Passau şəhəri yaxınlığındakı A3 magistral yolunda baş verib. Sərhəd polisi tərəfindən saxlanılan avtomobildə aparılan yoxlama zamanı gizli bölmə aşkar edilib. Polisin məlumatına görə, qızıllar avtomobilin orta konsolunda qaçaqmalçılıq məqsədilə xüsusi hazırlanmış bölmədə yerləşdirilib.
Oktyabrın 17-də keçirilən yoxlama zamanı sürücünün Türkiyədən gələn 38 yaşlı kişi olduğu müəyyən edilib. O, avtomobildə tapılan 8 kiloqram qızılın sahibi olduğunu təsdiqləyən sənədləri təqdim edə bilməyib. Bu səbəbdən sürücü barəsində çirkli pulların yuyulması şübhəsi ilə araşdırma başlanılıb.
Hadisədən sonra hüquq-mühafizə orqanları aşkarlanan qızılları və sürücünün mobil telefonunu müsadirə edib. İşlə bağlı Münhen Prokurorluğunun Çirkli Pulların Yuyulması və Aktivlərin Bərpası Mərkəzi tərəfindən araşdırma aparılır.
