Türkiyənin Giresun vilayətinin Alucra rayonunda xəzinə axtarışı üçün hazırlanan layihənin Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ÇED) prosesi başa çatıb. Təxminən 50 kvadratmetr ərazidə aparılması nəzərdə tutulan qazıntı zamanı xəzinə tapılarsa, onun dəyərinin 50 faizinin axtarışı həyata keçirən şəxsə verilməsi planlaşdırılır.
Referans Media xəbər verir ki, layihə Yeşilyurt kəndində yerləşən 220 ada, 7 saylı torpaq sahəsini əhatə edir. Qazıntı işlərinin 15 gün ərzində tamamlanması və maksimum 10 metr dərinliyə qədər aparılması nəzərdə tutulur. Ümumilikdə 7 nəfərin iştirak edəcəyi layihənin dəyəri 221 min Türkiyə lirəsi olaraq hesablanıb.
Layihəyə əsasən, işlər yaxınlıqdakı muzeydən təyin olunacaq iki mütəxəssisin, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələrinin nəzarəti altında həyata keçiriləcək. Ərazinin mülkiyyət sənədlərində yaylaq sahəsi kimi göstərildiyi bildirilir. Buna görə də müvafiq təyinat dəyişikliyi və digər icazələr alınmadan qazıntıya başlamaq mümkün olmayacaq. Bunun üçün valiliyin təsdiqi və xəzinə axtarışı lisenziyası da tələb olunur.
Layihə sənədlərində göstərilən qanunvericiliyə əsasən, dövlətin sərəncamında olan torpaqlarda aparılan axtarış zamanı xəzinə aşkar edilərsə, onun dəyərinin 50 faizinin axtarışı həyata keçirən şəxsə verilməsi nəzərdə tutulur. Tapıntının dəyəri Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdiriləcək.
Qazıntı zamanı tarixi və ya təbii əhəmiyyətli əşyalara rast gəlinərsə, işlər dərhal dayandırılacaq və aidiyyəti qurumlara məlumat veriləcək. Mədəni və təbii irs nümunələri muzeylərə təhvil veriləcək, xəzinə hesab edilən tapıntılar isə qanunvericiliyə uyğun qaydada rəsmiləşdiriləcək.
