ABŞ Prezidenti Donald Tramp Türkiyənin "F-35" qırıcı təyyarələri ilə bağlı məsələyə aydınlıq gətirib. Ankarada keçirilən NATO Liderlər Zirvəsi çərçivəsində açıqlama verən Tramp Türkiyənin "F-35" proqramına qayıdışı ilə bağlı müsbət mesajlar verib.
Referans Media xəbər verir ki, Tramp bildirib ki, Türkiyə ABŞ istehsalı olan "F-35" döyüş təyyarələrini əldə edəcək.
“Prezident Ərdoğanı sevirəm. Türkiyə bizim ən yaxşı texnikalarımıza sahibdir. "F-35"ləri alacaqlar”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ lideri ilə görüşdən sonra Türkiyənin ilk mərhələdə 5 ədəd "F-35" təyyarəsinin alınması ilə bağlı razılıq əldə etdiyini bildirib.
Ərdoğan “Biz 5 təyyarənin sözünü aldıq, xeyirli xəbərlər gözləyirik” ifadəsini işlədib.
ABŞ Prezidenti NATO Zirvəsi öncəsi Türkiyə ilə "F-35" məsələsinin müzakirə ediləcəyini açıqlamışdı. Tramp daha əvvəl "F-35" satışına münasibət bildirərkən “niyə olmasın?” ifadəsini işlədərək prosesə yaşıl işıq yandırmışdı.
Son açıqlaması ilə Tramp Türkiyənin "F-35"lərlə bağlı gözləntilərinə dair daha konkret mövqe ortaya qoyub.
