Alimlər laboratoriya şəraitində tamamilə sintetik viruslar istehsal etdiklərini açıqlayıblar.
Referans Media xəbər verir ki, New England Biolabs və Yale Universitetindən olan tədqiqatçılar xəstəxanalarda tez-tez rast gəlinən, antibiotiklərə davamlı bir bakteriyanı hədəf alan virusu 28 fərqli sintetik DNT fraqmentindən istifadə etməklə qurduqlarını bildiriblər.
Mütəxəssislərin hazırladığı bu yeni üsul sayəsində fiziki virus nümunəsinə ehtiyac olmadan, yalnız genetik ardıcıllıq (sekans) məlumatları əsasında virusun bütün genomunun hüceyrədən kənarda birləşdirildiyi və laboratoriya mühitində aktiv “ovçu”ya çevrildiyi qeyd olunub.
Bundan əlavə, fərdiləşdirmə imkanı təqdim edən bu metodla virusun quyruq liflərinin dəyişdirilərək müxtəlif bakteriya növlərini hədəf almasının mümkün olduğu vurğulanıb.
Alimlər bildiriblər ki, bu yeni yanaşma təhlükəli patogenlərin laboratoriyalarda saxlanılması zərurətini aradan qaldıraraq daha təhlükəsiz və daha sürətli müalicə imkanları yarada bilər. Sifariş əsasında istehsal oluna bilən fərdiləşdirilmiş virusların həm xəstəliklərin müalicəsində, həm də içməli sudakı bakteriyaları aşkarlayan biosensorların hazırlanmasında mühüm rol oynayacağı ifadə edilib.
