Astara rayonunda 24 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla intim əlaqədə olmaqda ittiham edilib.
Referans Media-ın əldə etdiyi məlumata görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib. 2002-ci il təvəllüdlü Bəhruz 16 yaşına çatmayan, sevgi münasibətində olduğu həmkəndlisi Səidə (adlar şərtidir – red.) ilə 2025-ci ilin iyul ayının sonlarında, istintaqla dəqiq müəyyən edilməyən tarixdə yaşadığı fərdi yaşayış evinin yataq otağında könüllü razılığı ilə təbii yolla cinsi əlaqədə olub, həmçinin qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli hərəkətlər edib.
Bəhruzun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Bəhruz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Astara rayonunun kəndində qeydiyyatda olmaqla yaşayır, fərdi əməklə məşğuldur:
“Səidə ilə aramızda sevgi münasibətləri olub. Valideynlərimə, yəni atama və anama Səidəni sevdiyimi və evlənmək istədiyimi bildirdim. Buna görə elçi getmələrini xahiş etdim. Ancaq valideynlərim Səidənin 18 yaşının tamam olmamasını izah edərək elçi getmələrinin düzgün olmadığını, yalnız 18 yaşı olduqdan sonra elçi gedəcəklərini dedilər. Bu sözləri həm də Səidənin atası və anası dedilər”.
Bəhruz qeyd edib ki, 2025-ci ilin iyul ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə Səidəni evə çağırıb:
“Səidə ilə görüşərək söhbət edən zaman qarşılıqlı olaraq könüllü şəkildə təbii yolla əlaqədə olmaq üçün razılaşdıq. Bundan sonra evin mənə aid yataq otağında Səidə ilə bir dəfə təbii və qeyri-təbii yolla əlaqədə olduq. Bundan sonra Səidə evlərinə getdi. Mən Səidə ilə əlaqədə olmağımla bağlı heç kimə məlumat verməmişəm. Səidə də valideynlərinə bu barədə heç bir məlumat verməyib”.
Bəhruzun ifadəsinə görə, həmin ilin oktyabrın 29-da Səidə ondan xəstəxanaya aparmasını istəyib:
“Buna görə də atama və anama Səidə ilə 3 ay əvvəl əlaqədə olmağım barədə məlumat verdim. Ona görə də Səidəni yoxlatdırmaq üçün birlikdə xəstəxanaya aparmağı xahiş etdim. Onlar da bu sözümə heç bir etiraz etmədilər və həmin gün Səidəni Astara Rayon Mərkəzi Xəstəxanasına apardıq. Səidə həkim tərəfindən müayinə olunduqdan sonra hamilə olması məlum oldu”.
Təqsirləndirilən şəxs ifadəsində Səidə ilə ər-arvad münasibətlərində olduğunu, bu ilin martın 7-də övladlarının dünyaya gəldiyini, Səidənin ondan heç bir şikayət və tələbinin olmamasını, onunla barışmasını bildirib.
İş üzrə zərərçəkmiş Səidənin sözlərinə görə, təqsirləndirilən şəxslə təxminən 3-4 ildir bir-birlərini seviblər:
“Bəhruz valideynlərinə məni sevdiyini bildirib, evlənmək üçün elçi getmələrini deyib. Amma valideynləri mənim 18 yaşımın olmamasını deyərək buna razılıq verməyiblər. Həmçinin, mənim də valideynlərim azyaşlı olmağıma görə Bəhruz ilə evlənməyə razı olmadılar”.
Səidə qeyd edib ki, 2025-ci ilin iyul ayının sonlarında, dəqiq xatırlamadığı tarixdə və vaxtda Bəhruz ilə telefonda danışıb:
“Bu zaman Bəhruz evlərində heç kimin olmadığını deyərək məni evə dəvət etdi. Mən də onlara getdim. Söhbət edən zaman qarşılıqlı olaraq könüllü şəkildə əlaqədə olmaq üçün razılaşdıq. Bundan sonra əlaqədə olduq”.
Zərərçəkmiş bildirib ki, həmin ilin oktyabrın 29-da halının daha da pisləşdiyini, tez-tez mədəsinin bulandığını görüb və hamilə qalmasından şübhələnib:
“Buna görə də Bəhruza zəng edərək bu barədə məlumat verdim, yoxlanış üçün məni xəstəxanaya aparmasını istədim. Bəhruz da həmin gün anası və atası ilə birlikdə məni xəstəxanaya apardı. Həkim tərəfindən müayinə olunduqdan sonra hamilə olduğum məlum oldu”.
Astara Rayon Məhkəməsinin hökmü ilə Bəhruz 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunub və ona təyin olunmuş 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.
Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib. Sınaq müddəti ərzində daimi yaşayış yeri üzrə Astara Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona tapşırılıb./Demokrat.az/
