5 gün qaldı — Yeni dəstək mexanizmi olacaq

Sentyabrın 1-dən Azərbaycanda qeyri-neft-qaz məhsullarının ixracı üzrə yeni dövlət dəstəyi mexanizmi tətbiq olunacaq. Qaydalara əsasən, ixrac zamanı daşıma xərclərinin nəqliyyat növündən asılı olaraq 70 faizədək hissəsi dövlət tərəfindən kompensasiya ediləcək. Məqsəd ixracatçıların logistika xərclərini azaltmaq və yerli məhsulların rəqabət qabiliyyətini artırmaqdır.

Bundan əlavə, mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların bəzi gömrük rəsmiləşdirilməsi xərclərinin də dövlət tərəfindən kompensasiya edilməsi nəzərdə tutulur. Bununla belə, dəstəyin məbləği müəyyən hədlərlə məhdudlaşdırılır.

Bəs daşınma xərclərinin 70 faizədək hissəsinin dövlət tərəfindən qarşılanması Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinə və qeyri-neft-qaz ixracının genişlənməsinə necə təsir göstərə bilər?

Referans Media bildirir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a açıqlamasında qeyd edib ki, məhsulun qlobal bazarlarda rəqabət qabiliyyətinə təsir edən əsas amillərdən biri qiymətdir.

Onun sözlərinə görə, xüsusilə ABŞ-İsrail-İran münaqişəsindən sonra bahalaşan neft və yanacaq qiymətləri məhsulların xarici bazarlara çıxarılması üçün logistika və nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə artırıb ki, bu da rəqabət qabiliyyətinə təsir göstərir:

“Alıcılıq gücünün mövcud şərtlər daxilində zəifləməsinə səbəb olan amillər də nəzərə alınmalıdır. Xüsusilə qiymət elastikliyi yüksək olan məhsullarda bu amillər tələbi əhəmiyyətli dərəcədə azaldır və şirkətlərin bazardakı mövqeyini zəiflədir.

Bu baxımdan, xərclərin kompensasiyası ilə bağlı mexanizmin tətbiqi, əlbəttə ki, nəzəri baxımdan şirkətlərin öz məhsullarını xarici bazarlarda daha münasib qiymətə təklif etməsinə imkan yaradır və dolayı yolla onların rəqabət qabiliyyətini dəstəkləyir.

Düşünürəm ki, Azərbaycanın ixrac etdiyi məhsulların qiymət elastikliyi nisbətən zəifdir. Çünki bu məhsulların böyük əksəriyyəti kimya, qida, xüsusilə aqrar və mədən sənayesi məhsullarıdır. Bu məhsullar üzrə xarici bazarlarda, xüsusilə qiymət baxımından, rəqabət ciddi problem deyil. Yəni burada qiymət elastikliyi aşağıdır. Ona görə də bu məhsullar üzrə müvafiq mexanizmin ciddi əlavə dəyər yaratması və effektiv təşviq alətinə çevrilməsi imkanları məhduddur.

Amma buna baxmayaraq, təbii ki, kiçik təsərrüfatlara, kiçik ixracatçılara və bir sıra məhsulların ixracatçılarına münasibətdə bu mexanizm müəyyən qədər xərcləri optimallaşdıracaq və mənfəət normasının optimallaşdırılması hesabına prosesi təşviq edə bilər.

Amma burada əsas məsələ rəqabətli və ixrac qabiliyyətli məhsullar istehsal edən iqtisadi mühitin formalaşdırılmasıdır. Bu, hakimiyyətin qarşısında duran əsas çağırışlardan biridir. Bu istiqamətdə daha ciddi təşəbbüslərin həyata keçirilməsi və xüsusilə xarici investisiyanın bu prosesə fəal cəlb edilməsi vacibdir.

Çünki xarici investisiyaya yalnız pul kimi baxmaq doğru deyil. Təbii ki, bu özü də indiki şərtlər daxilində əhəmiyyətlidir. Amma eyni zamanda, xarici investisiya ilə birlikdə müasir təcrübənin, innovasiyanın və xarici bazarlara çıxış təcrübəsinin ölkəyə gətirilməsi, dolayısı ilə də ölkədə istehsal olunan məhsulların xarici bazarlara çıxarılması üçün daha əlverişli şəraitin formalaşdırılması vacibdir.

Eyni zamanda, ölkə daxilində rəqabətin artırılması, bunun yerli sənayenin inkişafına təkan verməsi və keyfiyyətin artırılması istiqamətində təşəbbüslərin genişləndirilməsi dəstəklənməli, bu məsələlər gündəmdə saxlanılmalı və bu istiqamətdə ciddi addımlar atılmalıdır.

Əks halda, müvafiq mexanizmin çox böyük faydalarının olacağını düşünmək sadəlövhlük olardı. Çünki bunu dəstəkləyən yerli istehsal olmalıdır”, - deyə iqtisadçı fikrini tamamlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki