ABŞ administrasiyası ölkəyə iş və ya turizm vizası ilə daxil olduqdan sonra sığınacaq üçün müraciət edən yüz minlərlə xarici vətəndaşla bağlı yeni addım atmağa hazırlaşır.
Referans Media xəbər verir ki, 2016-2026-cı illərdə verilmiş vizalar arasında sığınacaq müraciəti edən və ya müraciəti davam edən şəxslərin sənədləri nəzərdən keçirilir. Təxminən 200 min şəxsin B1 və B2 vizasının ləğv edilməsi gündəmdədir.
Associated Press-in əldə etdiyi ABŞ Dövlət Departamentinin sənədlərinə və məsələ ilə bağlı məlumatlı mənbələrə görə, administrasiya Daxili Təhlükəsizlik Departamenti ilə koordinasiyalı şəkildə viza sahiblərini araşdırır.
Hazırlanan tədbirin 2016-2026-cı illər arasında verilmiş B1 və B2 vizalarına şamil ediləcəyi bildirilir. Söhbət ABŞ-yə iş, turizm, ailə ziyarəti və digər qısamüddətli məqsədlərlə daxil olan, daha sonra isə sığınacaq üçün müraciət edən şəxslərdən gedir.
Məlumata görə, bu kateqoriyaya daxil olan təxminən 200 min şəxsin viza statusu yenidən nəzərdən keçirilə bilər.
ABŞ rəsmilərinin sözlərinə görə, vizanın ləğvi avtomatik olaraq şəxsin dərhal deportasiya ediləcəyi anlamına gəlmir.
Hazırda sığınacaq müraciətinə baxılan şəxslərin əksəriyyətinin statusunun yenidən təsnifləşdirilməsi gözlənilir. Bununla belə, onlar iş və ya turizm məqsədli səfərlər üçün nəzərdə tutulan əvvəlki viza statuslarını itirə bilərlər.
ABŞ-də viza ləğvlərinin son dövrdə əhəmiyyətli dərəcədə artdığı bildirilir. Məlumata görə, son 18 ay ərzində Dövlət Departamenti müxtəlif cinayətlərə görə məhkum edilmiş və ya ittiham olunmuş şəxslərlə yanaşı, ABŞ-nin xüsusilə Yaxın Şərq siyasətini açıq şəkildə tənqid edən təxminən 175 min şəxsin vizasını ləğv edib.
Dövlət Departamentinin sözçüsü Tommi Piqqott mümkün ləğvlərin dəqiq sayını açıqlamayıb. O, ABŞ-yə qısamüddətli səfər məqsədi ilə daxil olduğunu bildirərək daha sonra ölkədə daimi qalmaq üçün sığınacaq müraciəti edən şəxslərin vizalarının müəyyənləşdirilməsi və ləğvi istiqamətində Daxili Təhlükəsizlik Departamenti ilə əməkdaşlıq etdiklərini bildirib.
Piqqott prosesin davam etdiyini və ləğv ediləcək vizaların sayının zamanla dəyişə biləcəyini qeyd edib.
ABŞ rəsmilərinin sığınacaq müraciətləri ilə bağlı məlumatları Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərindən əldə etdikdən sonra B1 və B2 vizası sahiblərinin araşdırılmasına başladığı bildirilir.
ABŞ-də B1 vizası əsasən biznes səfərləri, B2 vizası isə turizm, ailə ziyarətləri və tibbi məqsədlər üçün istifadə olunur.
