Gecə-gündüz dərdinizi süni intellektə danışırsınızsa... – Bu təhlükəni bilməlisiniz

Gecənin bir yarısı narahat olduğunuz hadisəni danışmaq, münasibətdə yaşanan mübahisəni təhlil etmək və ya sadəcə ürəyinizi boşaltmaq üçün süni intellektə müraciət etmək artıq adi hala çevrilib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, şəxsi problemləri süni intellektlə bölüşmək hər zaman zərərsiz deyil.
Referans Media xəbər verir ki, süni intellekt söhbətlərinin cəlbedici olmasının əsas səbəblərindən biri insan ünsiyyətini təbii şəkildə təqlid etməsidir. İstifadəçi yaşadığı hadisəni danışır, qarşılığında isə "Bunun sizi üzməsi normaldır” kimi empatik səslənən cavablar alır.
Süni intellektin gecə-gündüz əlçatan olması və istifadəçini mühakimə etməməsi onu asanlıqla "rəqəmsal sirdaş”a çevirə bilər.
Bizi anlamış kimi danışır, amma həqiqətən anlayır?
Mütəxəssislərə görə, süni intellekt insan kimi empatiya qurmur. O, istifadəçinin keçirdiyi emosiyanı yaşamır, sadəcə təqdim edilən məlumata əsasən cavab yaradır.
Süni intellekt insanın üz ifadəsini görmür, səs tonunu eşitmir və psixoloq və ya psixiatr kimi klinik qiymətləndirmə aparmır. Buna görə onun verdiyi cavabları real terapevtik dəstəklə qarışdırmaq risklidir.
Süni intellektin davamlı olaraq "haqlısan” deməsi niyə problemdir?
Əsas risklərdən biri istifadəçinin danışdığı hadisələri həddindən artıq təsdiqləyən cavablardır.
Məsələn, münasibətdə mübahisə yaşayan şəxsə "O, səni heç düşünmür” və ya "Bu davranış mütləq manipulyasiyadır” kimi qəti cavablar verilə bilər. Halbuki süni intellekt çox vaxt hadisənin yalnız istifadəçinin təqdim etdiyi tərəfini bilir.
2025-ci ildə 11 müxtəlif süni intellekt modeli və 1604 iştirakçının məlumatları əsasında aparılan araşdırmada bu sistemlərin insanlarla müqayisədə istifadəçiləri təsdiqləməyə daha meyilli olduğu bildirilib. Həddindən artıq təsdiqlənmənin insanın öz mövqeyini daha çox haqlı hesab etməsinə səbəb ola biləcəyi vurğulanıb.
Süni intellektlə dərdləşmək həmişə zərərli deyil
Süni intellektin psixi sağlamlıq sahəsində yalnız risk daşıdığını söyləmək də doğru deyil.
2025-ci ildə yayımlanan sistematik icmal və meta-analizdə 31 randomizə edilmiş nəzarətli araşdırmada 29 min 637 iştirakçının məlumatları təhlil edilib. Nəticələr süni intellekt dəstəkli söhbətlərin gənclərdə psixoloji sıxıntı, depressiya, narahatlıq və stress əlamətlərinə müəyyən müsbət təsir göstərə bildiyini göstərib.
Lakin araşdırmaların böyük hissəsində konkret psixi sağlamlıq məqsədi ilə hazırlanmış sistemlərdən istifadə edilib. Buna görə nəticələri bütün çat-botlara şamil etmək olmaz.
Əsas risk süni intellektdən necə istifadə edilməsidir
Süni intellekt insanın düşüncələrini nizamlamağa və yaşadığı hadisəyə başqa tərəfdən baxmağa kömək edə bilər. Lakin ondan diaqnoz qoymasını və ya həyatla bağlı mühüm qərarları insanın əvəzinə verməsini gözləmək risklidir.
Süni intellekt düşüncələri nizamlamağa kömək edən vasitədən çıxaraq insanın qərarlarını verən və psixoloji vəziyyətini qiymətləndirən "avtoritetə” çevrildikdə risk artır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki