image-putinbackend

Avropa İttifaqından Rusiyaya ağır zərbə: yeni sanksiyalar enerji bazarını silkələyir

Avropa İttifaqı, Ukraynaya dəstəyi gücləndirmək və Rusiya üzərində təzyiqi artırmaq məqsədilə mühüm qərarlar qəbul edib. Razılaşmaya əsasən, 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avro həcmində kredit ayrılıb və Rusiyaya qarşı 20-ci sanksiya paketi təsdiqlənib.

Referans Media xəbər verir ki, qərar, daha əvvəl Viktor Orban hökumətinin vetosu səbəbindən ləngiyirdi. Lakin siyasi dəyişikliklərdən sonra Macarıstanın etirazı aradan qalxıb və proses sürətlə yekunlaşıb.

Yeni paket enerji, maliyyə və müdafiə sektorlarını hədəf alır. Rus nefti və neft məhsullarına qarşı dəniz xidmətlərinin məhdudlaşdırılması üçün zəmin yaradır. Daha 46 gəmi limanlara giriş qadağası siyahısına salınıb və ümumi say 632-yə çatıb. 20 Rusiya bankına qarşı əməliyyat qadağası tətbiq olunub. Hərbi sənaye kompleksi və PUA istehsalı ilə bağlı 58 şirkət və şəxs sanksiyaya düşüb.

Antonio Kosta bildirib ki, məqsəd Ukraynada “ədalətli və davamlı sülh”ə nail olmaqdır. Ursula von der Leyen isə qeyd edib ki, bu addımlar Rusiyanın müharibə iqtisadiyyatına ciddi təzyiq yaradacaq.

Sanksiyalar xüsusilə enerji sektorunu hədəf alır. Rusiyanın “kölgə donanması”nın genişlənməsinin qarşısını almaq üçün tanker satışlarına nəzarət gücləndirilir, həmçinin LNG (maye qaz) sahəsində xidmətlərə ciddi məhdudiyyətlər tətbiq olunur. 2027-ci ildən etibarən Rusiyaya məxsus və ya onun nəzarətində olan qurumlara LNG terminallarında xidmət göstərilməsi də qadağan ediləcək.

Ekspertlər hesab edir ki, bu qərarlar qlobal neft və qaz bazarlarında qiymət dalğalanmalarına səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki