Ermənistanın “HayaQue” milli vətəndaş birliyi Avropa İttifaqına üzv dövlətlərə, onların hökumətlərinə Avropa Şurasının Prezidentinə, Avropa Komissiyasının Prezidentinə və Avropa Parlamentinin Prezidentinə İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısında iştiraklarını yenidən nəzərdən keçirmək üçün rəsmi dəvət məktubu göndərib.
Referans Media xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məktubda deyilir ki, iyun ayında Ermənistanda keçiriləcək növbəti parlament seçkilərindən dərhal əvvəl keçiriləcək bu sammitdə mövcud hakimiyyətə, şəxsən baş naziri Nikol Paşinyana birbaşa siyasi dəstək elementləri var. Qeyd olunur ki, belə bir yanaşma Ermənistanda fəaliyyət göstərən digər siyasi qüvvələr üçün qeyri-bərabər şərait yaradacaq.
“Ermənistan hazırda dərin daxili qütbləşmə və ciddi xarici təhlükəsizlik problemləri ilə üzləşir, buna görə də beynəlxalq aktorların daxili siyasi tarazlığın qorunmasına birbaşa təsir kimi şərh edilə biləcək hər hansı bir addımdan çəkinməsi vacibdir”.
Ermənistanda parlament seçkiləri 7 iyunda keçiriləcək. Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası ilə Rusiya vətəndaşı olan Samvel Karapetyanın rəhəbəri olduğu Güclü Ermənistan Partiyası arasında əsasə rəqabət gedir. Bu baxımdan, İəvanda müxalif qüvvələr, vətəndaş cəmiyyəti fəal şəkildə kampaniya apararaq ASB-nin tədbirinin ləğvinə çağırış edirlər. Lakin bu sammitin keçiriləcəyi əvvəlcədən dəqiqləşdirilib.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin 8-ci Zirvə Görüşü mayın 4-də İrəvanda “Gələcəyin Qurulması: Avropada Birlik və Sabitlik” şüarı altında keçiriləcək. Bundan əlavə, 4-5 may tarixlərində Aİ-Ermənistan sammiti keçiriləcək, Aİ-ni Avropa Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen təmsil edəcək. Bütün bunlarla yanaşı, Fransa Prezidenti Emmanuel Makronun mayın 5-də Ermənistana dövlət səfəri planlaşdırılır.
Qeyd edək ki, Azərbaycanın ASB-nin İrəvan sammitində iştirakı gözlənilmir. Türkiyə prezidentinin də İrəvana gedəcəyi haqda hər hansı məlumat verilməyib./Musavat.com






















