image-atombackend

Qrossidən SOS: Dünya NÜVƏ təhlükəsinin astanasındadır!

“Dünyada nüvə fəlakəti təhlükəsi Soyuq Müharibənin ən qızğın dövründən bəri görünməmiş səviyyəyə çatıb. Ona görə də Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) qüvvədə olmasını təmin etmək vacibdir”.

Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib.

O, “X” hesabında yazıb: “Müharibə Avropaya və Yaxın Şərqə qayıdıb, sülh və təhlükəsizliyi dəstəkləyən çoxtərəfli mexanizmlər böyük təzyiq altındadır. Bugünkü nüvə mühitində biz daha çox oyunçu, daha böyük risklər və daha az aydınlıqla xarakterizə olunan qeyri-sabit bir qarşıdurma ilə üz-üzəyik”.

Qrossi əlavə edib ki, nüvə silahlarının yayılmasının qarşısının alınması hər kəsin xeyrinədir və NSYM bunun üçün ən güclü çoxtərəfli alətdir.

 

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a şərhində bildirib ki, “soyuq müharibə”nin yenidən başlaması dünyada bir sıra proseslərin, o cümlədən qarşıdurmaların alovlanmasına gətirib çıxarıb: “Bu, onu deməyə əsas verdi ki, sülh süni prosesdir. Sülhün təmin olunması böyük dövlətlərin ciddi siyasi iradə və qarşılıqlı güzəşt nümayiş etdirməsi sayəsində mümkündür. Dünyanın bir sıra bölgələrindəki gərginliklərin silahlı qarşıdurmalara çevrilməsi, o cümlədən böyük müharibələrin başlaması artıq nüvə potensialı olan ölkələrin öz siyasi maraqlarını təmin etmək üçün bu silahdan hər hansı formada istifadə etmə təhlükəsini artırır.

Maraqlı məqam odur ki, belə bir açıqlama Qərb siyasi konyunkturasının tərkib hissəsi olan MAQATE-nin rəhbəri tərəfindən səsləndirilir. Məlumdur ki, MAQATE Qərbin siyasi maraqlarına daha çox xidmət edən təşkilatdır. Odur ki, bu açıqlamanın sətiraltı mənası, əslində, qarşı düşərgənin – Şərq düşərgəsinin nüvə silahı ilə bağlı yaratdığı təhlükədir. Amma unutmaq lazım deyil ki, ABŞ və SSRİ arasında orta mənzilli raketlərin məhv edilməsi ilə bağlı saziş, sonradan SSRİ-nin süqutu dünyada “soyuq müharibə”nin bitməsi kimi qələmə verildi. Əslində bu, həqiqət idi.

Amma sonrakı mərhələlərdə ABŞ-nin başçılıq etdiyi Qərb düşərgəsinin qarşı tərəfə – Rusiya, Çin və İrana olan münasibəti dəyişmədi. Belə olan halda NATO-nun Şərqə doğru irəliləməsi prosesinə start verildi. 1980-ci illərin ortalarından etibarən Yaxın Şərqdə ABŞ hərbi bazalarının sayı artırıldı. Nəticədə ABŞ-nin regiondakı strateji tərəfdaşı olan İsrailin mövqeyi gücləndi. Belə olan təqdirdə Şərq hərbi düşərgəsinə aid olan strateji tərəfdaşlar özlərini qorumaq üçün adekvat reaksiya verməyə məcbur oldular. Təhlükə də bununla bağlıdır”.

Ekspertin fikrincə, nüvə silahının qarşılıqlı tətbiq olunma təhlükəsinin yaranması Qərbin “soyuq müharibə” bitdikdən sonrakı dövrdə apardığı yanlış siyasətin nəticəsidir: “Dünyada sülh və qarşılıqlı anlaşma proseslərinin qarşısı alındı. Bunun əsas səbəbi Qərbin mövqelərini gücləndirmək istəməsidir”.

R.Məmmədli hesab edir ki, Rusiya-Ukrayna müharibəsində Rusiyanın reaksiyası Qərbin hərb maşınının qarşısını almaq və maksimum müdafiə olunmaq məqsədi daşıyır: “Bununla da Rusiyanın nüvə silahının tətbiq olunmasına dair katalizator rolunu oynadı. ABŞ və İsrailin İrana hücumları İranın nüvə imkanlarının aktivləşməsinə gətirib çıxara bilər. İranın nüvə silahına malik olub-olmadığı hələ də məlum deyil. Əldə olan yeganə informasiya uranın 80 faizə qədər zənginləşdirilməsidir.

Ancaq İranın strateji müttəfiqlərinin hər biri nüvə silahına malikdir. Bu, özünü qorumaq instinkti baxımından lazım gələrsə, silahın İran üzərindən istifadəsinə gətirib çıxara bilər. Heç kim zəmanət verə bilməz ki, Şimali Koreya, Rusiya yaxud Çin İrana bir neçə raketlik nüvə başlığını verməz. Bu baxımdan hesab edirəm ki, qlobal müharibənin dayandırılması, yəni ABŞ-nin başçılıq etdiyi Qərbin Şərqə istiqamətlənmiş təhdidlərini dayandırması əlbəttə ki, nüvə silahından istifadənin qarşısını ala bilər. Hazırda təhlükə böyükdür. Bu təhlükənin əsas səbəbkarı ABŞ və onun tərəfdaşlarıdır. Unutmaq lazım deyil ki, yaradıldığı gündən bu günə qədər nüvə bombasından istifadə edən yeganə ölkə ABŞ-dir. Bu baxımdan Qərbin, ABŞ-nin maraqlarına xidmət edən strukturların rəhbərlərinin qarşı düşərgəyə istiqamətlənmiş açıqlamaları, sadəcə, günahı öz üzərindən atmaq məqsədi daşıyır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki