ABŞ-də aparılan yeni araşdırma milyarder Ceffri Epşteynin məşhur malikanəsində baş verənlərlə bağlı yeni və ağır ittihamları gündəmə gətirib.
Referans Media xəbər verir ki, ABŞ-nin Nyu-Meksiko ştatında aparılan yeni istintaq Epşteynin məşhur “Zorro Ranch” ərazisində baş verdiyi iddia olunan hadisələrlə bağlı yeni detallar ortaya çıxarıb.
“New York Post” (NYP) nəşrinin məlumatına görə, bu ərazi artıq bəzi mənbələr tərəfindən “dəhşət evi” kimi xarakterizə olunur.
İddialara əsasən, ranço ərazisində bir neçə gənc kişi əvvəlcədən narkotik maddələrlə təsir altına salındıqdan sonra zorakılığa məruz qalıb. ABŞ Konqresinin Nyu-Meksikodan olan üzvü Melani Stensberi “60 Minutes Australia” proqramına müsahibəsində bildirib ki, şahidlərdən biri rançoya aparıldığını, orada huşunu itirəcək vəziyyətə salındığını və bir neçə nəfərə qarşı zorakılığın şahidi olduğunu deyib.
Stensberinin sözlərinə görə, həmin şəxsin ifadəsində gördüyü hadisələrlə bağlı detallı təsvirlər yer alır və bu ifadələr digər məlumatlarla da üst-üstə düşür. O, həmçinin Ceffri Epşteyn və onun yaxın tərəfdaşı Qisleyn Maksvell haqqında “sistemli zorakılıq həyata keçirən şəxslər” kimi danışıb.
Qeyd olunur ki, Nyu-Meksikoda aparılan bu istintaq Epşteynin 2019-cu ildə Nyu-York həbsxanasında ölümündən sonra “Zorro Ranch” ilə bağlı ilk genişmiqyaslı araşdırmalardan biri sayılır. Həmin vaxt o, insan alveri və cinsi istismar ittihamları ilə məhkəmə gözləyirdi.
Məlumata görə, istintaqçılar hazırda yüzlərlə ifadə və şikayəti araşdırır. Bu ifadələrdə ranço ərazisində baş verdiyi iddia olunan zorakılıq, istismar və digər qanunsuz fəaliyyətlərlə bağlı məlumatlar yer alır.
İddia edilən zərərçəkənlərdən biri – Çonti Devis daha əvvəl verdiyi müsahibədə həmin ərazidə özünü “tələyə düşmüş siçan kimi” hiss etdiyini bildirib. O, daimi qorxu mühiti və məcburiyyət altında yaşadığını, eləcə də cinsi zorakılığa məruz qaldığını iddia edib.
Bəzi ifadələrdə daha ağır iddialar da yer alır. Bunlar arasında razılıq olmadan tibbi prosedurların həyata keçirildiyi və hətta “genetik layihələr”lə bağlı iddialar da var. Bu kimi məlumatlar daha əvvəl də ictimai müzakirələrdə səsləndirilmişdi.
İstintaq orqanları bildirir ki, “Zorro Ranch”də baş verən hadisələrin tam mənzərəsi hələ də aydın deyil. Bəzi materialların gizlədildiyi və ya itirildiyi ehtimalı da istisna olunmur.
Nyu-Meksiko ştatının rəsmiləri və bəzi qanunvericilər araşdırmanın genişləndirilməsini tələb edir və bu iş üzrə “tam həqiqətin ortaya çıxarılmasının” vacibliyini vurğulayırlar./Musavat.com






















