“Qalatasaray”da yeni mövsüm öncəsi ən çox müzakirə olunan mövzulardan biri Mauro İkardinin gələcəyi olaraq qalır. Ulduz hücumçunun komandada qalıb-qalmayacağı ilə bağlı suallar davam edərkən, komanda yoldaşı Lukas Torreyra etdiyi paylaşımla sarı-qırmızılı azarkeşləri həyəcanlandırıb.
Referans Media xəbər verir ki, Uruqvaylı futbolçu sosial şəbəkə hesabında Mauro İkardi ilə birlikdə çəkilmiş fotosunu paylaşaraq üzərinə qısa, amma diqqətçəkən bir qeyd əlavə edib: “Qalır”.
Paylaşım qısa müddətdə böyük maraq doğurub və azarkeşlər arasında İkardinin komandada qalacağı ilə bağlı ümidləri artırıb.
Məlumatlara görə, “Qalatasaray” rəhbərliyi argentinalı futbolçu ilə yeni müqavilə üzrə danışıqları davam etdirir. Klubun İkardiyə bonuslarla birlikdə illik 5 milyon avro məvacib və əlavə bir il opsiyalı 2 illik müqavilə təklif etdiyi iddia olunur.
Digər tərəfdən, İkardinin daha yüksək – illik 7 milyon avro əməkhaqqı və daha uzunmüddətli müqavilə istədiyi bildirilir.
Daha əvvəl klub prezidenti Dursun Özbək də İkardi və onun meneceri ilə görüş keçirdiklərini, təkliflərini təqdim etdiklərini və cavab gözlədiklərini açıqlamışdı.
Transfer danışıqları davam etsə də, Torreyra tərəfindən edilən paylaşım sarı-qırmızılı azarkeşlər üçün mühüm siqnal kimi qiymətləndirilir. İndi isə hər kəsin gözü klub və futbolçudan gələcək rəsmi qərardadır.
