“Fənərbağça”da yeni baş məşqçi İsmayıl Kartalın komandaya qayıdışından sonra yeni mövsüm üçün planlama sürət qazanıb. Sarı-göylülərdə ilk diqqətçəkən qərarlardan birinin isə İrfan Can Kahveci ilə bağlı olduğu iddia edilir.
Referans Media xəbər verir ki, təcrübəli mütəxəssis milli futbolçunu yeni mövsümün əsas heyət planlamasında görmək istəyir və onun komandada qalmasının tərəfdarıdır.
İddialara əsasən, İsmayıl Kartal daha əvvəl uğurla birlikdə çalışdığı İrfan Can Kahvecinin yenidən komandanın vacib oyunçularından biri olmasını planlaşdırır. Təcrübəli çalışdırıcının bu qərarını klubun futbol direktoru Oğuz Çətinə də çatdırdığı bildirilir.
İrfan Can Kahveci 2023/2024 mövsümündə məhz İsmayıl Kartalın rəhbərliyi altında karyerasının ən parlaq performanslarından birini nümayiş etdirmişdi. Təcrübəli futbolçu həmin mövsüm ərzində 46 oyunda 18 qol və 12 məhsuldar ötürmə ilə diqqət çəkmişdi.
Hazırda milli komanda ilə Dünya Kubokunda iştirak edən 30 yaşlı futbolçunun turnir başa çatdıqdan sonra “Fənərbağça”nın hazırlıq prosesinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, İrfan Can Kahvecinin “Fənərbağça” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir və onun yeni mövsümdə yenidən sarı-göylü formanı geyinməsi gündəmdədir.
